Bu gün:

Post-travmatik stress pozğunluğu nədir?


Post-travmatik stress pozğunluğu tez-tez qeyri-adi və gözlənilməz şəkildə baş verən, insanı həddindən artıq qorxaq və köməksiz vəziyyətə salan hadisələrin səbəb olduğu psixoloji travma və ya psixi sağlamlıq vəziyyətidir.

Bu hadisələr insanın yaxın birinin ölümünə və ya yaralanması təhlükəsinə səbəb olarsa, qorxu, dəhşət və çarəsizlik hissləri yarana bilər. Zəlzələ, sel və yanğın kimi təbii fəlakətlər, işgəncə, müharibə kimi insan tərəfindən törədilən travmalar, qəzalar kimi travmatik hadisələr, ağır, ölümcül tibbi vəziyyətlər və xəstəliklər və ya gözlənilməz ölümlər fərdlərdə psixoloji travmaya səbəb ola bilər. 

Bu cür travmatik hadisələrlə qarşılaşan və ya onlardan təsirlənən bir çox insanlar müvəqqəti olaraq şəraitə və ətraf mühitə uyğunlaşmaqda və vəziyyətin öhdəsindən gəlməkdə çətinlik çəkə bilərlər. Fərdlər, ümumiyyətlə, zaman keçdikcə və yaxşı özünə qulluq etməklə yaxşılaşırlar. Ancaq bu gərginlik əlamətləri pisləşirsə, aylarla, hətta illərlə davam edərsə və fərdin gündəlik fəaliyyətinə mane olarsa, post-travmatik stress pozğunluğu ola bilər. Post-travmatik stress pozğunluğunun simptomları və əlamətləri göründükdən sonra mümkün qədər tez effektiv müalicə almaq simptomları azaltmaq və funksiyanı yaxşılaşdırmaq üçün böyük əhəmiyyət kəsb edir.

Post-travmatik stress pozğunluğuna səbəb nədir?

Tibb mütəxəssisləri bəzi fərdlərin nə üçün travma sonrası stress pozğunluğunun inkişaf etdiyini bilmirlər. Əksər psixi sağlamlıq problemləri kimi, travma sonrası stress pozğunluğunun da müxtəlif elementlərin qarışığından yarandığı düşünülür. Bu elementlərə bir insanın həyatı boyu keçirdiyi stressli təcrübələr, yaşadığı travmanın miqdarı və şiddəti, ailədə narahatlıq və depressiya tarixi, temperament və ya irsi şəxsiyyət xüsusiyyətləri kimi irsi psixi sağlamlıq riskləri və fərdin davranış tərzi daxildir. Beyin və bədən stresə cavab olaraq buraxdıqları kimyəvi maddələri və hormonları tənzimləyir.

Post-travmatik stress pozğunluğu riskini artıran amillər hansılardır?

Bəzi amillər travma sonrası stress pozğunluğunun inkişaf riskini artıra bilər. Bunlara sıx və ya uzun müddətli travma yaşamaq, uşaqlıqda zorakılıq kimi digər travmalar yaşamaq, hüquq-mühafizə orqanları, ilk müdaxilə edənlər, hərbçi, yanğınsöndürmə xidməti və ya tibb işçisi kimi travmatik hadisələrə məruz qalma riskini artıran bir işə sahib olmaq, digər psixi pozğunluğun olması daxildir. Narahatlıq və ya depressiya problemləri, həddindən artıq spirt və ya narkotik istifadəsi, ailə və ya dostlar arasında yaxşı bir dəstək sisteminin olmaması və ailədə narahatlıq və ya depressiya daxil olmaqla psixi sağlamlıq problemləri olan qan qohumlarının olması kimi şərtlər daxildir. Tibb mütəxəssisləri müşahidə etmişlər ki, fərdləri travma sonrası stress pozğunluğuna gətirib çıxaran ən çox rast gəlinən hadisələr arasında cinsi zorakılıq, uşaqlıqda fiziki zorakılıq, fiziki hücuma məruz qalma, qəzalar, müharibəyə məruz qalma və silah təhdidləri daxildir. Bundan əlavə, təyyarə qəzası, adam oğurluğu, həyati təhlükəsi olan tibbi problemin diaqnozu və terror hücumları da travma sonrası stress pozğunluğunun inkişafı ilə nəticələnə bilər.

Post-travmatik stress pozğunluğu nə ilə nəticələnə bilər?

Travma sonrası stress pozğunluğu insanın bütün həyatında: işdə, münasibətlərdə, sağlamlıqda, gündəlik fəaliyyətdən həzz almasında, bir sözlə, bütün həyatında pozulmalara səbəb ola bilər və digər psixi sağlamlıq problemləri ilə üzləşmə riskini də artıra bilər. Bunlara, əsasən, narahatlıq və depressiya, alkoqol və narkomaniya ilə bağlı pozğunluqlar, intihar düşüncələri və hərəkətləri, yemək pozğunluqları daxildir.

Post-travmatik stress pozğunluğunun qarşısını necə almaq olar?

Bir çox insanlar travmatik bir hadisədən sağaldıqdan sonra ilkin olaraq travma sonrası stress pozğunluğuna bənzər simptomlar göstərə bilər. Məsələn, travmatik hadisə haqqında düşünməyi dayandıra bilməmək, qorxu, narahatlıq, qəzəb, depressiya və günahkarlıq. Demək olar ki, bunların hamısı fərdlərin travmaya verdiyi ümumi reaksiyalardır. Bununla belə, travmaya məruz qalan insanların çoxunda uzun müddətli post-travmatik stress pozğunluğu inkişaf etmir. Bu vəziyyətlə bağlı vaxtında kömək və dəstək almaq normal stress reaksiyalarının ağırlaşmasının, pisləşməsinin və travma sonrası stress pozğunluğuna çevrilməsinin qarşısını ala bilər. Burada lazım olan kömək və dəstək, dinləyən, təsəlli verən ailə üzvlərinə və dostlarına müraciət etmək mənasına gələ bilər. 

Qısa müddətli terapiya üçün psixoloq və ya psixiatrla məsləhətləşmək lazım ola bilər. Bəzi insanlar öz inancları olan icmalara sığınmağı faydalı hesab edə bilər. Bütün bu üsullarla başqalarından alınan dəstək, insanın spirt və ya narkotik istifadəsi kimi qeyri-sağlam mübarizə üsullarına üz tutmasının qarşısını ala bilər.

Mənbə: acibadem.com.tr 

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et