Bu gün:

Diabetin yaranma ehtimalını artıran səbəblər nələrdir?


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının budəfəki müsahibi həkim, endokrinoloq Lalə Alcandır. O, diabet xəstəliyinin yaranma səbəblərindən və ondan qorunmaq yollarından danışıb. 

-Diabetin yaranma ehtimalını artıran səbəblər nələrdir?


Diabet 2 tip olan xəstəlikdir:Tip1 diabet və Tip2 diabet. Tip1 diabet insulinin olmaması deməkdir. İnsulin olmadıqda qanda qlükozanı parçalayacaq maddə olmadığına görə xəstədə şəkər yüksəlir. Əsasən, bu uşaqlarda rast gəlinir, amma böyüklərdə də rast gəlinə bilər. Yaranma səbəbləri, əsasən, post-viral infeksiyalardır. Məsələn, koksaki virus infeksiyasından sonra uşaqlarda diabet yarana bilər. Belə ki, uşaq virusa yoluxub sağalandan sonra, mədə altı vəzində insulini sintez edən betta langer hans hüceyrələri zədələnir, insulin çıxmır. Nəticədə, Tip1 diabet yaranır. Tip1 diabet genetik olaraq keçmir. Yəni ailədə kimdəsə Tip1 diabet olsa, digər ailə üzvlərinə keçmir. 

Tip2 diabet isə genetik keçən xəstəlikdir. Metebolik sindrom fonunda keçir, yəni ailə üzvlərinin metebolik sindromları, maddələr mübadiləsi pozğunluğu olur. Qidaya düzgün nəzarət etməyən, artıq çəkisi olan, passiv həyat tərzi keçirən və ya xroniki stresə məruz qalan insanlarda Tip2 diabetin olma riski daha yüksəkdir. Demək olar ki, müasir dövrdə 95% insan belə həyat tərzi keçirir. Ailənin hər hansı üzvündə Tip2 diabet varsa, digər ailə üzvləri qorunmaq üçün çəkisinə nəzarət etməli, korbohidratlardan maksimum dərəcədə uzaq durmalı, aktiv həyat tərzi yaşamalıdır. Lakin sağlam həyat yaşamayan, işi stresli olan insanların ailəsində Tip2 diabet olmasa da, bu xəstəliyə rast gəlinə bilər. Eyni zamanda, bir qrup xəstəliklər var ki, onlar da Tip2 diabetə səbəb olur. Məsələn, autoimnun xəstəliyi olan şəxsi müalicə edərkən kortikosteroid və steroid preparadlardan istifadə edilir ki, bu da diabetə səbəb ola bilər.

Gülnisə Əfkari

Paylaş