Bu gün:

Gec yatmaq hansı xəstəliklərə səbəb olur?


Gec yatmağın səbəb olduğu xəstəliklər bunlardır:

Diabet: İnsan gec saatlarda yemək yeyərsə, 2-ci tip diabet riskini artırar. Çünki biolojik saat qlükozanın orqanizmdə metabolizə olunmasına təsir göstərir. Qlükoza səviyyəsi gün ərzində təbii şəkildə düşməlidir və gecə ən aşağı nöqtəsinə çatmalıdır.

Piylənmə: Gecə gec yatmaq orqanizmin təbii hormonlarına təsir edir. Bioloji ritmi pozulmuş insanlarda toxluq hissini təmin edən leptin hormonu azalır, aclığı təşviq edən qrelin hormonu isə yüksəlir. Buna görə də hormonların balanssızlığı çəki artımına səbəb olur. Araşdırmalara görə, gecə oyaq olan insanlar daha çox zərərli qidalar qəbul edirlər. Bundan əlavə, gündə 7 saatdan az yatan insanların kökəlmə ehtimalı və piylənmə riski daha yüksəkdir. Yuxusuz gecələr həzm sisteminə də zərər verə bilər, çünki bədənin qlükozanı təmizləmə üsulu gecə ərzində baş verir. Bu, uzun müddətdə diabet və ya böyrək çatışmazlığı kimi sağlamlıq problemlərinə səbəb olur.

 Zəif immunitet: Yuxu immun sisteminə təsir edir. Əgər insan xəstələnməyə başlayarsa və yaxşı yuxuya gedə bilməzsə, xəstəlik və ya infeksiya ilə mübarizə aparmaq üçün kifayət qədər müdafiə edə bilməyəcəkdir. Xüsusilə qrip epidemiyalarının və soyuqdəymələrin tez-tez baş verdiyi qış mövsümündə gecə yatarkən diqqətli olmaq lazımdır.

 Depressiya: Depressiya əlamətləri gecə gec yatan insanlarda daha çox müşahidə olunur. Depressiyadan əziyyət çəkən insanların beyin fəaliyyəti sağlam insanlarla müqayisədə yuxu və oyaqlıq zamanı fərqli görünür. Gün ərzində insanların daxili bioloji saatı yuxuya müqavimət göstərir. Gecələr bu dalğalanmalar yox olur və yuxu təşviq edilir. Ancaq depressiyaya düşən insanlarda bu ritmlər pozulur. Axşam saatlarında yüksələn melatonin işləmir və kortizol səviyyəsi gecələr düşmək əvəzinə davamlı olaraq yüksək olaraq qalır. O qədər ki, bir çox ölkələrdə antidepresanların əvəzinə sirkadiyalı ritmə əsaslanan depressiya müalicəsi tətbiq olunur. Depressiyadan əziyyət çəkən insanlar bir həftə parlaq işığa məruz qalır və tam gün oyaq qalırlar. Amerika Psixiatriya Assosiasiyası deyir ki, qeyri-mövsümi depressiyanın müalicəsində işıq terapiyası antidepresanlar qədər təsirlidir.

Beyin funksiyalarının pozulması: Gec yatan insanların beyni fərqli fizioloji quruluşa malikdir. Bunu alman tədqiqatçıları araşdırma zamanı ortaya çıxarıblar. Erkən oyanan, gecə gec yatan və qeyri-sabit yuxu rejimi olanların beyin görüntüləri araşdırılıb. Bütün qruplar arasında gecələr yuxusuzluq yaşayanların beynində - sinir hüceyrələri arasında əlaqəni asanlaşdıran ağ maddənin miqdarının azaldığı müşahidə edilib. Ağ maddə çatışmazlığı depressiya və normal koqnitiv funksiyaların pozulması ilə əlaqələndirilir. Səhərə qədər işləyərkən və ya imtahanlar üçün yatmayarkən uğurlu nəticələr əldə ediləcəyi düşünülür. Ancaq yuxusuzluq öyrənməyi və yaddaş funksiyalarını azaldır.

Mənbə: Sözcü

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et