Bu gün:

“Aktyorlar özgələrinin həyatını öz həyatları kimi…”


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti müsahibi Azərbaycan Respublikasının xalq artisti, tanınmış teatr və kino aktyoru Hacı İsmayılovdur. O, Azərbaycanda aktyorluq sənəti və bu sənətin inkişafı barədə danışıb.

-Azərbaycanda aktyorluq sənətinin inkişafını necə qiymətləndirirsiniz?

Azərbaycanda aktyorluq sənətinin inkişafının tarixi 1873-cü ildə milli peşəkar teatr yaranan dövrdən başlayıb. Baxmayaraq ki, həmin dövrdə tamaşalarda iştirak edən aktyorlar həvəskar idi, amma bu onların sənətlə məşğul olmasına maneə olmayıb. Hətta bu sənətə qarşı sevgiləri onların get-gedə inkişaf etməsinə səbəb olub. O dövrdə Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Sidqi Ruhulla, Mirzəağa Əliyev, Abbas Mirzə Şərifzadə və s. görkəmli aktyorlar bu sənətin inkişafında böyük rol oynayıblar.

Düzdür, o dövrün aktyor sənəti ilə müasir dövrün aktyor sənətini müqayisə etdikdə bir sıra fərqlər ortaya çıxır. Pafoslu və gur səslə danışma həmin dövrün teatr ənənələrindən idi. Lakin zamanla bu ənənələr dəyişib və aktyorluq sənəti bir növ cilalanıb. Nəhayət, 60-cı illərdən başlayaraq peşəkar aktyorluq sənəti Azərbaycanda inkişaf dönəminə qədəm qoydu. Aktyorluq çətin sənətdir və fədakarlıq tələb edir. Heç təsadüfi deyil ki, teatrı çox sevən ümummilli liderimiz ulu öndər Heydər Əliyev teatrda çalışan aktyorları fədai adlandırıb. Və bu sənət özü-özlüyündə çox maraqlı sənətdir.

Mən deyərdim ki, aktyorlar özgələrinin həyatını öz həyatları kimi, öz həyatlarını isə özgələrinin həyatı kimi yaşayan insanlardır. Təkcə teatr yox, elə film sahəsinə də nəzər yetirsək görərik ki, " O olmasın, bu olsun", "Arşın mal alan" və s. kimi filmlərin bu qədər uğur qazanmasında aktyorların rolu danılmazdır. Bu filmlərdəki aktyorlara tək-tək nəzər saldıqda insan fəxarət hissi keçirir. Və bu gün də aktyor olmaq istəyən gənclər bu görkəmli şəxslərin yolu ilə özlərini inkişaf etdirirlər. Aktyor olmaq üçün insanın içində bu sənətə böyük sevgi olmalıdır. İkinci növbədə isə bu sahədə təhsilə önəm vermək lazımdır. Bu sahədə təhsil almaq üçün ən bacarıqlı və sənəti sevən gənclər seçilməlidir. Bu sənəti öyrənməyin ən yaxşı yolu teatrda çalışmaqdır. Teatr gənc aktyorlar üçün böyük imkanlar yaradır. Dediyim kimi ilk növbədə, bu sənəti sevmək, zəhmət çəkmək və istedadın olması vacibdir. Bunların hər üçü bir şəxsdə toplandıqda uğur qaçınılmazdır.

Hər bir teatrın fərqli cəhətləri var. Bu da təbii bir haldır, bütün teatrlar yüksək səviyiyyəli aktyor yetişdirə bilməz. Aktyorun yetişməsi üçün düzgün şərait və müəyyən qədər maddi imkan lazımdır. Azərbaycan xalqı istedadlı xalqdır, və inanıram ki, bizim hələ çox görkəmli və istedadlı aktyorlarımız olacaq.

Tahirə Bağırzadə

Paylaş