Bu gün:

Muzeylərdə flaş fotoqrafiyaya nə üçün icazə verilmir?


Ola bilsin ki, ziyarət etdiyiniz muzeylərdə flaş fotoşəkil çəkməyin qadağan olduğunu bildirən xəbərdarlıq işarələrini görmüsünüz və ya muzey rəsmiləri tərəfindən edilən xəbərdarlıqların şahidi olmusunuz. Bəs niyə muzeylərdə şəkil çəkdirməyə bəzi məhdudiyyətlər var?

Muzeylərdə çox vaxt fotoşəkil çəkmək üçün müxtəlif qaydalar və məhdudiyyətlər var. Bəzi muzeylərdə flaş fotoqrafiyaya icazə verilmir, bəziləri isə tamamilə qadağandır. Bu vəziyyətin iki səbəbi var: Birincisi, strob işığının sənət əsərlərinə ziyan vurması, ikincisi, müəllif hüquqları ilə bağlı problemlərdir.

Flaş ətraf mühitin fotoşəkil çəkmək üçün kifayət qədər parlaq olmadığı zaman səhnəni çox qısa müddət ərzində müvafiq parlaqlıq səviyyəsinə çatdırmağa imkan verən bir cihazdır. Flaş işığının millisaniyələrlə, yəni saniyənin mində biri qədər qısa müddətdə yaratdığı sıx işıq sayəsində mühit müvəqqəti olaraq işıqlandırılır. Bununla belə, fənər işığının intensivliyi çox yüksək olduğundan flaşla şəkil çəkmək boya piqmentləri kimi işığa həssas materialların kimyəvi strukturunun pisləşməsinə səbəb ola bilər. Bu zaman sənət əsərlərinin rəngləri sola bilər, onların üzərində kiçik çatlar və dalğalar əmələ gələ bilər.

Muzeylərdə fotoqrafiyaya icazə verilməməsinin digər səbəbi müəllif hüquqları ilə bağlı problemlərdir. Bəzi muzeylər nümayiş etdirdikləri bütün sənət əsərlərinin müəllif hüquqlarına malik olmaya bilərlər. Belə muzeylərdə ziyarətçilərin çəkdikləri şəkillərin müxtəlif sosial media platformalarında paylaşılması müəllif hüquqlarının pozulması kimi qiymətləndirilə bilər.

Muzeylərdə fotoşəkillərin çəkilməsi ilə bağlı məhdudiyyətlərin qoyulmasının səbəblərindən biri də bəzi muzeylərin suvenir satış bölmələrində muzeydə nümayiş olunan sənət əsərlərinə aid suvenirlərin satışının bu vəziyyətdən mənfi təsir göstərə biləcəyi düşüncəsidir.

Bu gün cib telefonu kameralarının və rəqəmsal kameraların geniş tətbiqi ilə bir çox muzeylər sərgilədikləri sənət əsərlərinin fotoşəkillərinin çəkilməsi ilə bağlı tənzimləmələrini yenidən nəzərdən keçirməyə başlayıblar. Bəzi muzeylər fotoqrafiyadan qeyri-kommersiya məqsədləri üçün istifadə etməyə icazə versə də, bəzi muzeylər öz internet səhifələrində nümayiş etdirdikləri sənət əsərlərinin yüksək keyfiyyətli fotoşəkillərini paylaşa bilərlər.

Mənbə: Bilim Genç

Tərcümə etdi: Fidan Abdullayeva 






Paylaş
Şərh əlavə et