24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti müsahibi təhsil eksperti Elçin Süleymanovdur. O, sinifdə şagird çoxluğunun tədris prosesinə təsirindən danışıb.
-Sizcə, sinifdə şagird çoxluğu tədris prosesinə necə təsir edir?

Sinifdə şagirdlərin sayının onların akademik göstəricilərinə təsiri haqqında kifayət qədər tədqiqat var. Bu tədqiqatlarda deyilir ki, şagird sayının optimal bir sayda olması dərsin keyfiyyətinə müsbət təsir göstərir. Bu optimal say bir çox tədqiqatlarda 18-20 nəfər arasıdır. Sinifdə şagird sayının 40-dan çox olması tədris prosesinin təşkilində müəyyən problemlər yaradır. Məsələn, şagirdlərin diqqətinin dağılması, müəllimin şagirdlərə göstərəcəyi diqqətin azlığı, şagirdlərin qiymətləndirilməsinin çətinləşməsi və s. Amma burada birmənalı olaraq şagird sayının azalması o demək deyildir ki, dərsin keyfiyyəti yüksələcək. Bu sadəcə tədrisin keyfiyyətinin faktorlarından biridir. Yəni bununla yanaşı, müəllimin özünün təcrübəsi, sinfin və auditoriyanın dizaynı, dərsin xüsusiyyəti tədrisin keyfiyyətini yüksəltməyə xidmət edir. Bunların hamısı diqqətə alınmalıdır.
Bir çox elmi-tədqiqatlarda deyilir ki, xüsusilə, ibtidai təhsildə, şagird sayının 18-20 arası olması arzuediləndir. Çünki ibtidai təhsildə və dil tədrisində şagird sayı fərdi yanaşma tələb edəcək qədər optimal olmalıdır. Azərbaycanda 4500 məktəb var və bu məktəblərdə şagird sıxlığı yaşanan təxminən 10%, 450 məktəb var. Bu da sadəcə Bakı və Abşeron ərazilərində baş verir. Qalan bölgələrdə isə şagird sıxlığından çox, şagird azlığı mövcuddur. Bəzi məktəblər var ki, 1 şagirdi var. Düşünürəm ki, bu məktəblər yaxınlıqda olan digər məktəblərlə birləşdirilməlidir. Şagird sayının çoxluğu kimi, azlığı da tədris prosesinə problem yaradır. Çünki burada məktəb atmosferi yaradılması mümkün deyil. Şagird sıxlığı ilə əlaqədar Bakı və Abşeronda yeni məktəb binaları inşa edilir. Bu həmçinin Bakının baş planında da nəzərdə tutulub.
Sevil İsmayılova
