Bu gün:

20 illik ayrılıqdan sonra dəmir yolları yenidən tramvaylarla qovuşa biləcəkmi?


24Media.az saytı olaraq Bakıda tramvayların yoxluğunun nəqliyyat sisteminə təsirini araşdırdıq. Bu mövzuda tramvaylardan vaxtilə istifadə edən sakinlərlə və nəqliyyat eksperti Ərşad Hüseynov ilə həmsöhbət olduq. 

73 yaşlı Mingəçevir sakini Roza Məmmədova. O, tramvaylardan ilk dəfə Bakıda ali təhsil alarkən istifadə edib.

"Mən tramvaylardan ilk dəfə 1970-ci ildə  Bakı şəhərində  istifadə etmişəm. Həmin illərdə tələbələrin ən çox istifadə etdiyi nəqliyyat vasitəsi tramvay idi, çünki tələbələrin təqaüdü çox az idi".

Bakı sakini Xatın İsmayılova isə tramvayların ucuz olduğunu təsdiqləyib:

"Ucuz başa gəlirdi. Səhv etmirəmsə, 3 qəpik ödəyirdik".

Nəqliyyat eksperti Ərşad Hüseynov tramvayların həmçinin başqa müsbət tərəflərinin olduğunu da qeyd edib:

"Tramvay ictimai nəqliyyatın çox əlverişli, səmərəli növlərindən biridir, çünki ekoloji cəhətdən təmizdir, daxili yanma mühərriki yoxdur, yanacaq yandırmır, ətraf mühiti çirkləndirmir". 

Həmçinin tramvayların bir yerdən digər bir yerə getmək üçün faydalı olduğunu deyən Roza Məmmədova istifadəsinin yaşlılar üçün daha rahat olduğuna da vurğulayıb. Hətta özü Bakıda olduğu vaxtlar daimi şəkildə tramvaylardan istifadə edib.

"Həmin illərdə mən 2-ci Mikrorayonda yaşayırdım. 1-ci Mikrorayon və 3-cü Mikrorayon dairəsində isə tramvay dayanacağı olurdu. Elə orada minirdim, 1saylı Şəhər Kliniki Xəstəxanasının qarşısında da enirdim".

100 yaşlı Bakı Tramvayı ömrünü sadəcə 80 il davam etdirə bildi. Bəs, görəsən, tramvayların yoxluğu şəhər əhalisinin nəqliyyatdakı hərəkətlərinə necə təsir etdi?

Bakı şəhər sakini Kərəm Vəliyev bu barədə öz fikirlərini dilə gətirib. O deyir ki, əvvəl tramvaylardan istifadə edən sərnişinlər istədikləri yerə vaxtında çata bilirdilər, lakin indiki nəqliyyat vasitələri ilə bu mümkün deyil. Məhz buna görə də tramvayların yenidən bərpa edilməsinə müsbət yanaşdığını da qeyd edib.

Həmçinin Xatın İsmayılova tramvayların yoxluğunu şəhərdə sıxlığın çox olmasına zəmin yaratdığını deyib. Onun fikrinə görə, bu sıxlığın olması işə gecikmə hallarına da səbəb olur.

Əhalinin fikrinə görə,  bütün bu problemlərin aradan qaldırılmasının tək yolu tramvayların bərpasındadır. Bəs 20 illik ayrılıqdan sonra dəmir yolları yenidən tramvaylarla qovuşa biləcəkmi?

Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbəy Qasımzadə bu barədə bildirib:

"Bakının baş planı artıq hazırdır və təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilib. Baş planın tərkibində isə paytaxtın bəzi yollarının genişləndirilməsi və tramvay xəttinin çəkilməsi nəzərdə tutulub".

Xədicə Qiyas
Sayad Qoşnalıyeva
Fatimə Mustafayeva
Xədicə Cabbarlı

Paylaş
Şərh əlavə et