24Media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti müsahibi rəssam Vüqar Əliyevdir. O, rəssamlıq sənəti haqqında olan sualımızı cavablandırıb.
Sizcə, rəssamlığın çətinlikləri nələrdir?

Rəssamlıq incəsənətin bir növüdür. Aktyorluq, musiqi, kino və.s-bunlar hamısı göz qabağında olan sənətlərdir. Hər birinin öz çətinlikləri var. Əgər insana sənət, qabiliyyət bəxş olunubsa, təbii ki, bu, Allah vergisidir. Bunu inkişaf etdirmək üçün mübarizə aparmaq lazımdır. Oxumaq, öyrənmək, inadkar olmaq və s. Çünki heç nə etmədən, öz üzərində işləməsən, o sənət, qabiliyyət itəcək və ya gizlənəcək. Buna görə də rəssam olmadan əvvəl öz istedadını duymalı, onu hiss etməlisən. Öz sənətini inkişaf etdirmək üçün bir çox maneələri keçməlisən, çünki sənət yolu hamar olmur.
Sən özünü ifadə etməyi bacarmalısan, sənin üçün heç kim bunu edə bilməz. Rəssamın əsərinə xalq baxacaq, kütlə baxacaq, bəlkə, əsərləri xaricdə sərgilənəcək, buna görə də sənətçi işinə dürüst olmalıdır. Ən əsası sən gərək rəssam olaraq nə iləsə qane olmayasan, çünki sənət bir müvəffəqiyyətlə məhdudlaşmır. Buna görə də daim inkişafda olmalı, tərəqqi etməlisən. Başlıca olaraq sənətini sevməlisən ki, çətinliklərə qarşı inadkar davrana biləsən. Yuxusuz gecələrin, zəhmətin qarşılığını ala biləsən.
Aysu Əsədova
