Bu gün:

Soyuq havalarda dərinin qurumasının səbəbi nədir?


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki qonağı Dermatoloq Aygün Mustafayevadır. O, dərinin qurumasının səbəbləri və bunun qarşısını almağın yollarından danışıb.

-Soyuq havalarda dərinin qurumasının səbəbi nədir və bunun qarşısını necə almaq olar?


Ümumiyyətlə, soyuqlar düşəndə temperaturun aşağı düşməsi ilə əlaqədar olaraq dərinin qan dövranı pozulur. Dərinin qan dövranının pozulması zamanı dəri qəbul etməli olduğu qidalı maddələri, mineralları lazımi miqdarda qəbul edə bilmir. Bunun nəticəsində, funksiyası zəifləyir. Dərinin özünü müdafiə və bərpa prosesi zəifləyir. 

Bundan başqa, qış mövsümündə dəri səthinə dəri piyinin ifrazı azalır. Buna görə də onun səthi təbəqəsini əmələ gətirən qoruyucu təbəqə zəifləyir. Bu da dərinin qurumasına və çatlaq əmələ gəlməsinə səbəb olur. Havanın nəmliyinin artması da dəri qurumasına təsir edir. Həmçinin qış mövsümündə yetərincə maye qəbul olunmaması dərinin qurumasına səbəb ola bilən amillərdəndir.

Bunun qarşısını almaq üçün ilk növbədə, maye qəbulunu artırmaq və bol miqdarda vitamin, mikroelementlərlə zəngin qidalar qəbul etmək lazımdır. Daha sonra dəri tipinə uyğun olaraq dərini təmizləmək və nəmləndiricilərdən istifadə etmək lazımdır. Nəmləndiricilər də dəri tipinə uyğun olaraq su bazlı, yağ bazlı ola bilər. Bununla yanaşı, günəş qoruyucusundan istifadə etmək lazımdır, çünki qışda dəri günəşə daha çox məruz qala bilir.

Aminə Paşazadə



Paylaş
Şərh əlavə et