Bu gün:

“Repetitorlara ehtiyac duyulmasına səbəb məktəb proqramının ağırlığıdır“


24media az-ın "1 sual, 1 cavab"rubrikasının budəfəki müsahibi filoloq Afərim Seyidovadır. Filoloq repetitor hazırlıqları haqda danışıb.

-Sizcə, repetitor hazırlıqlarına ehtiyacın səbəbləri nələrdir?


Repetitorlara ehtiyac duyulmasına səbəb məktəb proqramının ağırlığıdır. Məktəbdə tədris olunan fənlər kurikulumda verilən standartlara cavab vermir. Məktəb dərsliyi həddindən artıq ağırdır. Və bu standartları ödəmir. Standartlar sadədən mürəkkəbə doğru gedir. O standartlar ödənilərsə, tədris düzgün qurularsa, repetitor hazırlıqlarına ehtiyac duyulmaz. Dərslikdə olan hər tapşırıq bir standartdır. Tapşırıqlar vaxtı-vaxtında yerinə yetirilərsə, repetitor hazırlıqlarının sayı azalar. Dünya ölkələrində də repetitor hazırlıqları var. Tədricən Azərbaycana da yayıldı. Valideynlər düşünürlər ki, repetitorlar övladlarına daha çox bilik verə bilərlər. Abituriyent proqramı yüngülləşərsə, digər ölkələrdəki kimi buraxılış fənləri ilə ali məktəbə qəbul olmaq olarsa, repetitor hazırlıqlarına o qədər də ehtiyac duyulmaz. Məktəb dərsliyi və abituriyent proqramı arasında çox böyük fərq var. Misal olaraq, Azərbaycan dili üzrə oxuyub-anlama mətnləri çox sadə şəkildə olur, ancaq abituriyent proqramı bundan qat-qat çətin formada olur. Məktəb proqramı, oxuyub-anlama mətnləri, test toplusu abituriyent qəbul sisteminin tələbini ödəmir. Müəllim sinifdə mətnlər işlədir və bu mətnlər sadə formada olur. Şagirdin heç bir məntiqi, yaradıcı, tənqidi təfəkkürünü inkişaf etdirməyən suallar işlədilir. Şagirdin üç təfəkkürünün çox sadə formasını üzə çıxardır. Ancaq DİM-in qəbul, model mətnləri yüksək səviyyəni üzə çıxardır. Və sonda belə yekunlaşdıra bilərik ki, repetitor hazırlıqlarının səbəbi məktəb dərsliyi ilə abituriyent proqramının uyğunlaşmamasıdır.


Aynur Mikayılova

Paylaş