Bu gün:

“Yarışa gedib, məğlub olduqda özümüzü bağışlamırıq”


24media.az-ın ‘’1 sual, 1 cavab’’ rubrikasının növbəti müsahibi kikboksçu Tulin Ələkbərovadır. O, kikboksing ilə bağlı təcrübələrini bölüşüb.

-Kikboksinq ilə məşğul olmağın müsbət cəhətləri və çətinlikləri nələrdir?

Öncəliklə, onu deyə bilərəm ki, uşaqlıqdan idmanla məşğul olan insanlar daha fərqli və seçilən olur. İdman sağlamlıqdır. Qız, oğlan, böyük və ya balaca fərqi yoxdur, hər yaşda insanı özgüvənli və gümrah hiss etdirir. Özünü müdafiə, sağlamlıq üçün idman etmənin o qədər də mənfi cəhəti yoxdur. İdman özgüvən və fiziki inkişafı təmin edir. Peşəkar idmançılar üçün isə bəzən mənfi cəhətlər yaranır. Bunlara travmalar, zədələr və s. aid edilə bilər. Yarışa hazırlaşan zaman üzərimizdə daşıdığımız məsuliyyət çox ağır olur. Zədə alarkən idmançılarda travma olaraq qala bilir. Yarışa gedib, məğlub olduqda özümüzü bir müddət bağışlamırıq, bəzən isə bir ömür bu da ayrı bir travma kimi bizimlə qalır. Müsbət cəhətlərdən ən önəmlisi pis vərdişlərdən, yalnış insan çevrəsindən uzaq olmağı təmin edir. Əsasən, idmançıların hər birinin disiplinli bir həyat tərzi olur:ev, məşq, gündəlik qidalanma və yuxu. Ağır bir proses olduğu qədər, bir o qədər də hüzur vericidir, çünki bir insanın sabah üçün bir planı və məqsədi olması çox gözəldir. Müsbət cəhətlərini sayıb bitirə bilmərəm, lakin onu deyə bilərəm ki, çəkdiyimiz əziyyətlər, yaşadığımız ağrılar Azərbaycan bayrağını dalğalandırdığımız zaman, sevdiklərimizin başını uca edəndə və qələbə sevincini dadanda sanki sıfırlanır və yenidən güc toplayıb, eyni rejimə başlayırıq. Bunu da bildirim ki, bir idmançı güclü  olduğu qədər, sadə olmalıdır. Sadəlik hər bir idmançıya başucalığı gətirir. Xanım idmançı və məşqçi olaraq həmcinslərimə bunu deyə bilərəm ki, bizim üçün bu yol daha çətin, amma bir o qədər qürurludur. Belə idman növlərində bəylər çoxluq təşkil edir. Yadda saxlamalı olduğunuz əsas məqam budur ki, biz xanımlar ilk növbədə, vətənimizi, ikinci növbədə isə həmcinslərimizi təmsil edirik. Həyatda heç nə asan əldə edilmir, idmandakı naliyyətlər də buna daxildir. Bacarmaq üçün əziyyət çəkmək lazımdır. Azərbaycan xanımlarının qanında mərdlik və savaşçı olmaq var. Məhz elə buna görə də idmanla məşğul olan, idmana başlamaq istəyən hər bir xanımın öz məqsədlərinə çatacağına inanıram ve bu yolda hər birinə uğurlar arzu edirəm.

Tahirə Bağırzadə





Paylaş