Bu gün:

Kartof qızartması sevənlər bu xəbərə üzüləcəklər


Piylənmə, ürək xəstəlikləri, xərçəng, insult, şəkərli diabet, böyrək xəstəlikləri... Təəssüf ki,  kartofdan imtina edə bilməyənlərə daha acı xəbərimiz var!  Bu dəfə ləzzətli kartof qızartmasını yedikdən sonra, həqiqətən də, üzüləcəksiniz...

Müəyyən edilib ki, qızardılmış yemək insanlarda narahatlıq və depressiya riskini artır.

"Proceedings of the National Academy of Sciences" jurnalında dərc olunan araşdırmaya əsaslanan xəbərə görə, 11 il ərzində qızardılmış qida qəbul edən 140 mindən çox insandan əldə edilən məlumatlar  qızardılmış yemək istehlakı ilə narahatlıq və depresiya arasında əlaqə olduğunu ortaya qoyub. 

Böyük Britaniyada 500 min insanın sağlamlıq məlumatlarını ehtiva edən UK Biobank Tandan əldə edilən məlumatlar Çinin Hangzhou şəhərində bir qrup elm adamı tərəfindən təhlil edilib.

Araşdırmalar göstərib ki, kartof qızartması yemək narahatlıq  riskini 12 faiz, depressiya riskini isə 7 faiz artırır.

Tədqiqatçılar əldə edilən nəticələrin qızartma prosesində meydana gələn akrilamid adlı kimyəvi maddə ilə əlaqəli ola biləcəyini iddia etdilər.

Araşdırma zamanı zebra balığına akrilamid verildiyi və balığın qaranlıq künclərdə gizləndiyi, saxlandığı akvariumu gəzməkdən çəkindiyi, digər balıqlarla maraqlanmadığı bildirilib.

Bununla belə, tədqiqatçılar tədqiqatın nəticələrinin ilkin olduğunu və kartof qızartması yeməyi dayandırmaq üçün məsləhət verməyə ehtiyac olmadığını vurğulayıblar.

Məqalənin həmmüəllifi Yu Zhang CNN-ə deyib: "Qızardılmış yeməyin zərərli təsirləri barədə narahatlığa ehtiyac yoxdur".

Mənbə: Haber Global

Tərcümə etdi: Lalə Mənəfova


Paylaş
Şərh əlavə et