Bu gün:

“İmtahanların əzbərçilik üzərində qurulmasında müəyyən həqiqət var”


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti müsahibi təhsil eksperti Cahid İmanlıdır. O, qəbul imtahanları haqda danışıb.

-Hazırda abituriyentlərin və valideyinlərin qəbul imtahanı ilə bağlı bilinən ən əsas şikayəti imtahanların əzbərçilik üzərində qurulmasıdır. Bununla bağlı yaxın gələcəkdə hansı fərqli qəbul şərtlər gözlənilir?


İmtahanların əzbərçilik üzərində qurulmasında müəyyən həqiqət var. Amma istənilən halda imtahanların müsabiqə yolu ilə keçirilməsi yaxın gələcək üçün mümkün görünmür. Əslində, müsabiqə yolu ilə keçirilməsi düzgün də deyil. Test üsulu qəbul imtahanları zamanı insan faktorunun, yəni "kənar faktor"ların minimuma endirilməsinə, qeyri-qanuni yollarla ali təhsil almanın azaldılmasına yönələn müsbət bir sistemdir. Bu sistemi saxlamaqla təkmilləşdirmək lazımdır. 

Məsələnin mahiyyəti ondadır ki, abituriyent və valideyinlərdə ümumi bir psixologiya yaranıb. Ən azından 5-ci sinifdən gündəlik "davamlı", "dayanıqlı" təhsilə yiyələnməyən şagirdlər məhz sonuncu iki ildə:10 və 11-ci siniflərdə hazırlaşaraq ali məktəblərə daxil olmağa çalışırlar. Qəbul imtahanın çətinliyi də məhz burada üzə çıxır, çünki şagird seçdiyi ixtisas qrupu üzrə 5-ci sinifdən keçdiyi bütün materialları öyrənməlidir. Nümunə üçün qeyd edim ki, abituriyent 2-ci və 3-cü qruplar üzrə təkcə tarix fənnindən 12 dərsliyin məzmununundan düşən sualları cavablandırmalıdır. Hər ixtisas qrupuna 5-6 fənnin daxil olması mənzərənin necə olduğunu aydın göstərir. Məsələdən çıxış yolu varmı? Bəli, əlbəttə ki, var. İlk növbədə, şagirdin ali məktəbə qəbul olmasını şagirdin məktəbdə aldığı qiymətlərlə müəyyən etmək lazımdır. Və bu qiymətləndirmə sadəcə bir dəfə buraxılış imtahanı formasında deyil, şagirdin bütün təhsili müddətində ən azından hər tədris ilinin sonunda mərkəzləşmiş qaydada aparılmalıdır. Bu zaman əldə olunan nəticələrə görə məktəblərin və müəllimlərin də nəticələrini tez təhlil edib, adekvat tədbirlər görmək olar. Digər məsələ isə test modellərinin təkmilləşməsi və məntiqi təfəkkürə əsaslanan testlərdən də istifadə edilməsidir. Ümumiyyətlə, cəmiyyətdə bu cür müzakirələrin aparılması müsbət qarşılanmalı, verilən təkliflərə, iradlara diqqətlə yanaşılmalı, lazım olarsa, müəyyən forumlar keçirilməlidir.

Gülay Qəribova

Paylaş
Şərh əlavə et