Bu gün:

“2 ay ərzində 80 jurnalistin həlak olması çox dəhşətli faktdır”


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti müsahibi jurnalist Seymur Kazımovdur. O, jurnalist hüquqları haqqında danışıb. 

– Jurnalist hüquqlarının müharibə zonasında pozulma hallarının qarşısını almaq üçün hansı addımlar atılır?

– Jurnalist hüquqlarının ən çox pozulduğu fəaliyyət istiqamətlərindən biri hərbi əməliyyatların keçirildiyi məkanlardır. Təəssüflər olsun ki, bugünədək bununla bağlı hər hansı tədbir görülməyib. Jurnalistlər məlum hadisə yerlərində işləyərkən həm hərbçilərin, həm polislərin, həm də yerli hakimiyyət strukturlarının müdaxiləsi ilə rastlaşırlar. Çünki tərəflər jurnalistlərin onların ərazisində baş verən hər hansı hərbi əməliyyatı işıqlandırmalarına çox vaxt maraqlı olmurlar. Belə olan halda dövlətlər özləri müəyyən bir qaydalar qoyurlar. Və bu qaydalar da çox vaxt jurnalistlərin peşə fəaliyyətini yerinə yetirmələrinə maneəçilik törədir. Məsələn, çəkiliş aparmağa icazə vermirlər, və ya lentə alınmış bəzi materialları jurnalistlərdən alıb silirlər, jurnalistləri həbs edirlər, onların üzərinə silah çəkirlər. Yəni media mənsubları bu tip müəyyən xoşagəlməz hadisələrlərlə hərbi əməliyyatların aktiv keçirildiyi ərazilərdə üzləşirlər. Jurnalistlərin müəyən istiqamətlərdə atılmış bombalardan ölməsi faktı da var ki, bu da peşə fəaliyyəti yerinə yetirən zaman media mənsubunun hansısa zərərlərə tuş gəlməsidir. Doğrudur, bununla bağlı hər hansı tənzimləmə yoxdur, çünki bomba atılanda orada artıq yerli əhali kimi jurnalistlər də həlak ola bilirlər. Mən ən son Qəzza zolağında baş vermiş hadisəni demək istəyirəm ki, son iki ayda 80-ə yaxın jurnalist peşə fəaliyyətini yerinə yetirərkən həlak olub. Bu isə dünya müharibələri tarixində bir ilkdir. 2 ay ərzində bu qədər jurnalist öldürülüb və bu günə qədər də onların ölümü ilə bağlı bir məsələ dünya ictimaiyyətində qaldırılmayıb. Yəni sualın cavabı budur ki, heç bir addım atılmır. Burada praktik addımlardan söhbət gedir, nəzəri çağırışlar ola bilər: "jurnalistlərə toxunmayın", "onlar peşə borcunu yerinə yetirirlər", "öz işləri ilə məşğuldurlar". Müəyyən çağırışlar var. Təbii ki, jurnalistlərin münaqişə zonasında fəaliyyəti üçün konvensiyalar da var, beynəlxalq hüquq da jurnalistlərin bu hüququnu tanıyır. Amma praktikada, təcrübədə biz bunun əksinin baş verdiyini görürük. Təəssüflər olsun ki, bugünədək bunun həlli yoxdur. Yaxşı olardı ki, dünya ictimaiyyəti bu Qəzza məsələsindən sonra dövlətlər qarşısında bu məsələni çox ciddi qaldırsın. 2 ay ərzində 80 jurnalistin peşə borcunu yerinə yetirərkən həlak olması çox dəhşətli faktdır. Və nəzərə alın ki, jurnalistlərin təkcə özləri yox, elə jurnalistlər var ki, ailə üzvləri ilə öldürülüblər. Elə jurnalistlər də var ki, 20-25 nəfər bütün qohum-əqrəbası ilə öldürülüblər. Bu məsələ ilə bağlı yaxşı olardı ki, beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti bir həyəcan təbili çalsın. Ümid edək ki, nə zamansa bu məsələ öz həllini tapacaq. Və jurnalistlər aktiv hərbi əməliyyatlar gedən bölgələrdə öz işlərini rahat qura biləcəklər.

Həvva Cəbrayılova 

Paylaş
Şərh əlavə et