Bu gün:

Yerin dərinliklərində başqa bir planetin qalıqları varmı?


Bir qrup tədqiqatçı Yerin dərinliklərində vaxtilə Yer ilə toqquşan və Ayın yaranmasına səbəb olan planetin qalıqlarının olduğunu irəli sürüb. Dr. Quin Yuan və həmkarlarının apardığı araşdırmanın nəticələri Nature jurnalında dərc olunub.


Seysmik dalğaların yer üzündə yayılma sürəti onların yerləşdiyi mühitin sıxlığından asılı olaraq dəyişir. Seysmik dalğalar daha sıx mühitlərdə daha yavaş sürətlə yayılır. 1980-ci illərdə seysmik dalğaların nisbətən yavaş hərəkət etdiyi yerin dərinliklərində materik ölçüsündə iki bölgə aşkar edilib. Biri Afrikanın, digəri isə Sakit Okeanın altında olan bu bölgələrin (LLVP) dəmirlə daha zəngin olduğu və buna görə də ətraflarından daha sıx olduğu düşünülür.

Kaliforniya Texnologiya İnstitutundan olan bir qrup tədqiqatçı uzaq keçmişdə dəmirlə zəngin planetin Yerlə toqquşmasının LLVP-lərin yaranmasına səbəb olduğunu irəli sürüb. İddiaya görə LLVP-lər planetin zərbə nəticəsində parçalanan bəzi hissələrinin Yer tərəfindən udulması zamanı ortaya çıxıb.

Təklif olunan ideya başqa bir suala cavab verir. Ayın necə əmələ gəldiyinə dair bir fərziyyə Mars böyüklüyündə bir planetin uzaq keçmişdə Yerə dəydiyini göstərir. Bu fərziyyəyə görə, Theia adlı planet zərbə nəticəsində parçalanıb. Planetin qalan parçaları Yerdən qopan parçalarla birlikdə zamanla Ayı əmələ gətirib. Əgər bu fərziyyə doğrudursa, Aydan başqa yerlərdə də Theia qalıntılarının izləri ilə qarşılaşa bilərik. Ancaq bu günə qədər Theia qalıqları ola biləcək heç bir şey aşkar edilməyib. LLVP-lərin mənbəyi Yerlə toqquşan bir planetdirsə, bu planet Theia ola bilər. Məlumdur ki, Ay Yerdən daha çox dəmirlə zəngindir.

Tədqiqatçılar öz fərziyyələrini kompüter simulyasiyaları ilə sınaqdan keçiriblər. Nəticələr göstərir ki, planetin qalıqlarının Yerlə toqquşması həm LLVP-lər yaratmaq, həm də Ayın əmələ gəlməsinə kömək etmiş ola bilər. 

Yeni fərziyyə ilə bağlı ağıla gələn suallardan biri də Teyanın qalan hissələrinin niyə o dövrdə hələ formalaşmaqda olan Yer kürəsi ilə “qarışmadığı” və topaqlar şəklində qalmasıdır. Kompüter simulyasiyaları da bu suala cavab verir. Hesablamalara görə, toqquşma zamanı Yerə ötürülən enerjinin böyük hissəsi mantiyanın yuxarı yarısında qalıb. Bu, mantiyanın aşağı hissələrinin təsir nəticəsində tamamilə mayeləşməsinin qarşısını alıb. Beləliklə, Theia qalıqlarının topaqlar şəklində yer üzündə qalması mümkün olub. 

Mənbə: Bilim Genç Tübitak 

Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et