Bu gün:

Ürəyinizin sağlam olması üçün nə etməlisiniz ?


Ürək xəstəlikləri ölümün əsas səbəblərindən biridir. Statistikaya əsasən, ürək xəstəliyindən dünyasını dəyişənlərin 80 faizi 60 yaşdan yuxarıdır. Kişilər isə qadınlara nisbətən daha çox ürək xəstəliyindən əziyyət çəkirlər. Oturaq həyat tərzi və qeyri-sağlam qidalanma bu xəstəliklərin baş verməsini sürətləndirir və bir çox insanlarda ürək-damar problemləri yaranmağa başlayır. Xüsusilə ailədə ürək xəstəliyi olan insanlar varsa, bu xəstəliyə tutulma nisbəti 25% artır. Bəs ürəyin sağlam olması üçün nə etmək lazımdır ?


1. Qan təzyiqinizi nəzarətdə saxlayın

Qan təzyiqini normada saxlamaq üçün duzlu qidalardan uzaq durmalı və sağlam qidalanmaya üstünlük verilməlidir. Təzyiqiniz varsa, həkim müayinələri kəsilməməli və müntəzəm olaraq dərmanlardan istifadə edilməlidir. Bundan əlavə, təzyiq xəstələri üçün stresssiz bir həyat çox vacibdir.

2. Şəkər balansını qoruyun

Diabet qan damarlarının daralmasına səbəb olur. Damarların daralması ilə qan axını pozulur və ürək xəstəliklərinə tutulma, şəkərli diabet xəstələrində isə infarkt halları daha çox baş verir. Diabet xəstələrinin dərmanlarını qəbul etmələri və yediklərinə diqqət etmələri çox vacibdir.

3. Vitamin çatışmazlığını aradan qaldırın

Bəzi vitaminlər orqanizm üçün çox vacibdir. Çatışmazlıq halında ürək-damar problemləri yarana bilər. Məsələn B12 vitamini çatışmazlığında ürək döyüntüsü tezləşir. D vitamini çatışmazlığı olan insanlarda ürək xəstəliklərinə daha çox rast gəlinir. Vitamin əskiklikləri nəzərə alınmalı, balanslı qidalanma və vitaminli qidalardan istifadə olunmalıdır.

4. Siqaretdən istifadəni dayandırın

Siqaret qanda xolesterolun artmasına və damarların tıxanmasına səbəb olur. Bu, ürək xəstəliklərinə səbəb olub infarkt riskini artırır. Bu səbəbdən siqaret, qəlyan kimi pis vərdişlərdən imtina ürək sağlamlığı üçün çox vacibdir.

5. Stressdən uzaq durun

Stress ağlınıza gələ biləcək bir çox xəstəliklərin səbəbləri arasındadır və orqanizm üçün çox zərərlidir. Ürək-damar xəstəliklərinə də səbəb ola biləcək stressdən qaçınmaq çox vacibdir. Stresssiz bir həyat tərzi qurmalı, sizi əsəbləşdirəcək və yoracaq hadisələrdən qaçınmalısınız.

6. İdman edin

Oturaq həyat tərzi ürək xəstəlikləri də daxil olmaqla, bir çox xəstəliklərə səbəb olur. Ürəyi qorumaq üçün idman edib gəzintiyə çıxılmalıdır. Masa başında işləyən insanlar üçün bədəni gəzintilərlə aktivləşdirmək, xüsusilə vacibdir.

Mənbə: neoldu.com

Tərcümə etdi: Gülay Orucova

Paylaş
Şərh əlavə et