Bu gün:

Qorxu və narahatlıq uşaqların beyninə necə təsir edir?


Bəzi uşaqlar hisslərini açıq şəkildə ifadə etsələr də, bəziləri bunları içində saxlaya bilər. Uşaqların beyni hələ tam inkişaf etmədiyi üçün stressli və narahat vəziyyətlər onların beyinlərinə mənfi təsir göstərə bilər. Bu zaman, xüsusilə, valideynlərin üzərinə düşən vəzifə lazım gəldikdə uşağa psixoloji dəstək verməkdir.


Uşaqların sağlam beyin və bədən inkişafı üçün təhlükəsiz, həmçinin, qorunan mühitlərdə böyüməsi lazım olduğu bir həqiqətdir. Amma bu təkcə onlar üçün deyil, həm də uğurlu cəmiyyətin qurulması üçün çox vacibdir.

Elm deyir ki, daimi qorxu və xroniki narahatlığa səbəb olan şərtlərə erkən məruz qalma beyin arxitekturasının inkişafına mane olur. Təəssüf ki, bir çox gənc uşaqlar belə şəraitə məruz qalırlar. Bu şərtlərdən bəziləri birdəfəlik hadisələr olsa da, digərləri zamanla təkrarlanan, yaxud da davamlıdır və bütün bunlar uşaqların öyrənmə tərzi, problemləri həll etmə və digər insanlarla münasibətlərinə təsir edə bilər.

Lakin stressli mühitdə böyüyən uşaqların hamısında qalıcı beyin zədəsi olmur.  Onların stressini həll etmək, eyni zamanda, onlara kömək etmək beyinə mənfi təsirlərin qarşısını ala və ya azalda bilər. Məsələn, uşaqlarla danışmaq, onlara təsəlli vermək və fikirlərini ifadə etmələrinə şərait yaratmaq stressi azalda bilər.

Travmalar inkişaf dəyişikliklərinə səbəb olur.

Dr. Mehmet Karakaya, xüsusilə, travmatik təcrübələrin beynin bir çox bölgəsində inkişaf dəyişikliklərinə səbəb olduğunu bildirir:

“Bu dəyişikliklərin mühüm səbəbi stressə cavab olaraq ifraz olunan kortizoldur və yaddaş kimi bir çox idrak qabiliyyətinə cavabdeh olan hipokampus bölgəsi öz funksiyalarını yerinə yetirə bilməyə bilər. Eynilə, yaddaş və duyğuları tənzimləyən amigdala bölgəsi də mənfi təsirlənir. Nəticədə, uşaq stresslə mübarizə aparmaqda, tarazlığı saxlamaqda çətinlik çəkir”.

“Müvafiq mühit təmin edilərsə, bacarıq yenidən əldə edilir”

Beynin özünü yeniləmək gücü sayəsində prosesi müsbət istiqamətdə inkişaf etdirmək olar. M. Karakaya beynin bu xüsusiyyətinin "neyrooplastiklik"lə təmin edildiyini belə izah edir:

"Travmatik yaşanmışların bu mənfi təsirlərinə baxmayaraq, beynin sinirləri tənzimləmə və ya yeni əlaqə yaratma qabiliyyətinə görə "neyroplastiklik" adı verilən güc sayəsində erkən dövrdə uşağa uyğun mühit və təcrübələr təmin olunarsa, müvafiq müdaxilələr (ailə tərəfindən, məktəb və peşəkarlar) bir çox itirilmiş bacarıqları bərpa edə bilər. Neyroplastikliyi beynin özünü bərpa etmək qabiliyyəti kimi də xarakterızə  etmək olar.

“Həyatda mənfi hadisələrə qarşı dəstək göstərilməlidir”

Nəhayət, Prof. Dr. Karakaya uşaqların sağlam bir fərd ola bilməsi üçün lazım olduqda dəstək almağın vacibliyini vurğulayır:

“Uşaqlar mənfi həyat hadisələri ilə qarşılaşırlarsa, onların mütləq fiziki, mənəvi, sosial və emosional ehtiyacları nəzərə alınmalı, dəstək verilməlidir. Bu yolla onlar sağlam yetkinlər kimi həyatlarını davam etdirə biləcəklər”.

Mənbə : TRTHABER

Tərcumə edən : Xədicə Cabbarlı

Paylaş
Şərh əlavə et