Halloween həmişə sirr, sehr və batil inanclarla dolu bir bayram olub. Min ildən artıqdır ki, mövcud olan bu bayram dini əsaslara söykənir. Halloween ilk dövrlərdə bütpərəstlik, sonra isə xristianlıqla əlaqələnsə də, bu gün dünyəvi bir hadisəyə çevrilib və bütün dünyada geniş yayılıb. Kökləri İrlandiya, Böyük Britaniya və Şimali Fransada yaşamış qədim Keltlərin Samhain Festivalına gedib çıxan Halloween hər il oktyabrın 31-də rəngarəng şəkildə qeyd olunur. Dünyanın bir çox ölkələrində adi hala çevrilən Halloween tədbirləri, adətən, öncədən planlaşdırılır.
"Bütün Müqəddəslərin Günü"
Anqlosakson dünyasında və əsasən, qərb ölkələrində "Halloween" adlanan bayram öz adını başqa bir tərifdən alır: "Bütün Müqəddəslərin Günü".
Hallowen "Bütün Müqəddəslər Ərəfəsi"ndən gəlir. Bəs Bütün Müqəddəslər Günü nə deməkdir?
Bütün Müqəddəslər Günü xristianlıqda bütün tanınmış və naməlum müqəddəslərin və vəfat etmiş insanların anıldığı müqəddəs gündür. Onun mənşəyi bu gün tam məlum deyil, lakin 837-ci ildən Papa IV Qreqor tərəfindən ənənəvi hala çevrilib.
"Dirilər və ölülər arasındakı sərhəd"
Halloween Keltlərin Samhain Festivalı ilə ortaya çıxıb və indiki formasını almaq üçün Samhain ənənələri ilə qarışıb. 2000 il əvvəl, əsasən, indiki İrlandiya, Böyük Britaniya və Şimali Fransa ərazilərində yaşayan Keltlər Yeni ili noyabrın 1-də qeyd edilirdi. Keltlər inanırdılar ki, yeni ildən əvvəlki gecə, oktyabrın 31-də canlılar və ölülər aləmləri arasındakı sərhəd bulanıqlaşır.
Oktyabrın 31-nə keçən gecə ölülərin ruhlarının dünyaya qayıtdığına inanılır. Həmin gecə keltlər heyvanların başlarından və ya dərilərindən hazırlanmış kostyumlar geyinərək böyük odlar yandırmaqla pis ruhları qovduqlarını düşünürdülər.
Hallowen Amerikaya necə gəlib?
19-cu əsrdə ABŞ-a gələn avropalı mühacirlər özləri ilə Halloween adət-ənənələrini də gətiriblər və bayramın Amerikada populyarlaşmasına kömək ediblər. 1950-ci illərdə Amerikada Halloween bayramında konfet vermək ən populyar adətlərdən birinə çevrilib. Bütün müqəddəslər günündə ev sahibləri qapıları ziyarət edən kasıb insanlara yemək təklif edərdilər. Ölən yaxınları üçün dua etmək vədi qarşılığında təqdim edilən yemək çox zaman “Ruh tortları” adlanan şirniyyatlar olur.
Hallowen haqqında maraqlı faktlar
Avropanın və Şimali Amerikanın çox hissəsində Halloween qeyd edilməsi dinlə bağlı deyil. Digər tərəfdən, mühafizəkar xristianlar, xüsusilə də mühafizəkar protestantlar, ümumiyyətlə, Halloween bayramını qeyd etmirlər və bunu yanlış hesab edirlər.
Balqabaq necə simvol olub?
Halloween-in simvolu gülümsəyən balqabaqdır. Balqabaq oyulub gülümsəyən sifətə gətiriləndən sonra içərisində şam yandırılır ki, şeytan siması olsun. Lakin məlumdur ki, qədim zamanlarda balqabaq əvəzinə çuğundur (şalğam) oyulurdu.
Əvvəlcə irlandlar və şotlandlar ölənlərin ruhlarını xatırlamaq üçün çuğundur (şalğam) oymağa başladılar. Lakin onlar ABŞ-a köçəndə balqabağın oyulmasının çox daha asan olduğunu kəşf etdilər və ənənəni dəyişdirdilər.
Uğur inancı
Halloween gecəsində bir hörümçək tapmaq uğurlu və şans gətirən bir hadisə kimi hesab olunur.
Qara pişiyə qadağa
Bəzi heyvan sığınacaqları Halloween ərəfəsində qara pişiklərin sahiblənilməsinə qadağa qoyur. Sığınacaqlar bu qaydanı illər əvvəl Halloween gecəsində qara pişiklər üzərində edilən qeyri-insani ritualların sayını azaltmağa kömək etmək məqsədi ilə yaradıblar. Çünki Halloween bayramında qara pişiklərin sahiblənilməsində anormal şəkildə artım olub.
Hallowenin ticarətə təsiri
2012-ci ildə Milli Pərakəndə Federasiyasının məlumatına görə, ABŞ-da Halloween Miladdan sonra ikinci ən çox pul xərclənən gündür. Bundan əlavə, hər il Amerikada konfet satışındakı artımın dörddə biri Halloween bayramında baş verir.
Mənbə: Cümhuriyyet Gazetesi
Tərcümə etdi: Tahirə Bağırzadə
