Bu gün:

“Fotoqrafiyada əsas məsələ qarşınızdakı obyekti necə görməyiniz və yanaşmağınızdır”


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı fotoqraf Rasim Sarıdır. O, fotoqrafiya ilə bağlı sualımızı cavablayıb.

-Fotoqraf olmaq insandan nələri tələb edir və yeni başlayan fotoqraflara tövsiyələriniz nələrdir?

Fotoqrafiya da incəsənətdir. Məncə, hər bir incəsənətlə məşğul olan şəxsin doğuşdan bu işlə bağlı bacarıqları olmalıdır. Rəssam kimi, musiqiçi kimi. Fotoqrafiya, sadəcə, texniki vasitələrlə hər hansı hadisələri ölümsüzləşdirmək deyil. Siz texniki bilikləri sonradan öyrənə bilərsiniz, amma bacarıq anadangəlmə olmalıdır. Məsələ sizin qarşınızdakı obyektlərə necə baxmağınızdan və necə görməyinizdən asılıdır. Fotoqrafları da digər insanlardan fərqləndirən budur. Obyektlərə fərqli baxış və onu daha maraqlı şəkildə lentə almaqdır. Təbii ki, zamanla praktiki fəaliyyət zamanı daha yaxşı işlər ortaya qoya bilərsiz. Bu artıq sizdə vərdiş halı da ala bilər. Davamlı olaraq eyni yerdə, yaxud eyni formatda çəkilişlər edirsinizsə, artıq bəzi şeylər vərdişə çevrilir. Lakin yaxşı fotoqraf eyni yerdə eyni şeyləri fərqli çəkməklə öz fərqini ortaya qoya bilir. Məncə, fotoqrafiya bizdən, sadəcə, bacarıq, həvəs, çalışma tələb edir. Gənc fotoqraflara internet resurslarından çox istifadə etməyi tövsiyə edirəm. İlk başlarda bahalı avadanlıqlara qaçmasınlar. Hər şeyi pillə-pillə etməyə çalışsınlar. Nə çəkmək istədiklərinə qərar versinlər. Yunanca phos – işıq və grapho – yazıram deməkdir. Ona görə də işığı öyrənməyə daha çox vaxt sərf etməlidirlər. Fotoqrafların işləri ilə tanış olsunlar, avadanlıqları araşdırsınlar, məsləhətlər alsınlar. İmkan olarsa, masteclasslara getsinlər və ən əsası bol-bol şəkil çəksinlər.

 Fidan Əlizadə

Paylaş
Şərh əlavə et