Bu gün:

“Aktyorluq sənətinə marağı olan gəncləri bu tədrisə cəlb edəcəyik”


24Media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti müsahibi teatr və kino rejissoru, ssenarist, ATXİ-nin, Kinematoqrafiya İttifaqları Konfederasiyasının və AKİ-nin, Rusiya Kinorejissorları Gildiyasının üzvü Mirbala Səlimlidir. O, teatr sahəsində tədris prosesindən, yaxşı aktyor və aktrisa yetişdirməyin təməllərini bölüşüb.

-Gənclərə teatr sahəsini düzgün öyrətmək üçün tədris prosesində nələr dəyişilməlidir, nələr əlavə edilməlidir?

Artıq sentyabr ayından bizdə yeni teatr studiyasına qəbul olacaq və biz teatr, aktyorluq sənətinə marağı olan gəncləri bu tədrisə cəlb edəcəyik. Bizdə həmişə studia hərəkatı olub. Hər zaman istəmişik ki, teatra, aktyorluq sənətinə, rejissorluğa marağı olan bütün gəncləri teatrımıza cəlb edək və onlara bu sənətin sirrlərini öyrədək. Neçə onilliklərdir artıq bizdə teatr studiyası fəaliyyət göstərir. Artıq bu ildən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin də teatr studiyalarına vəsait ayırmaq planı var, bu proses gedir və əminəm ki, müvəffəqiyyətlə baş tutacaq. Bu imkandan istifadə edərək biz çalışacağıq ki, tədris proqramını daha da genişləndirək. Əgər əvvəlcə, biz gənclərə aktyor sənətindən, səhnə danışığından, vokaldan, rəqsdən dərs verirdiksə, indi artıq daha geniş miqyasda və əlavə fənnlər də tədris olunacaq. Bunlardan ən vacibləri “Teatr tarixi”, “Dramaturgiyanın əsasları” və “Musiqinin əsasları”dır. Bununla da yanaşı, biz istəyirik ki, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetindən müəllimlər də dəvət edək.  Bu müəllimlər həm plastikadan, səhnə döyüşündən, yəni qılınc oynatmadan, əlavə olaraq, nitq mədəniyyətindən bizim gənc tələbələrlə, aktyor və aktrisalarımızla ustad dərsləri keçsinlər. Biz çalışacağıq ki, bu mövsüm ərzində həmin proqramı yerinə yetirək. Əlavə olaraq, onların kurs tamaşaları, müxtəlif kompozisiyaları olacaq ki, bunlar da onların hərtərəfli bir aktyor kimi yetişməsinə kömək edəcək. Yaxşı aktyor və aktrisa yetişdirməyin, birinci növbədə, təməli onun özünəməxsus olan keyfiyyətlərini üzə çıxarmaqdır. Burada zərgər dəqiqliyi ilə bu gənci çətinə salmadan, başqa bir yola yönəltmədən, onun özünün daxilində, qəlbinin dərinliyində gizlətdiyi hissiyyatı, qabiliyyəti üzə çıxarmaq gərəkdir. Sonra artıq peşəkarlıq öyrətmək lazımdır.

Günel Məmmədova





Paylaş
Şərh əlavə et