
24media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki qonağı şair Cəlil Cavanşirdir. O, insanların şeir sevgisindən danışıb.
-Sizcə, bir şeiri insanlara sevdirən nədir və hansı yolla daha çox kütləyə çatmaq olar?
Nə qədər qəbul etməsək də daha sadə, qulağa xoş gələn şeir kütləviləşir. Şeiri insanlara, daha geniş kütləyə sevdirən onun sadəliyi, səmimiliyidir. Çox təəssüf ki, bunların heç biri ədəbi-bədii keyfiyyət kriteriyası deyil. Kütləvi olmaq üçün çoxluğa, kütləyə xitab edən, "qulağa xoş gələn" şeirlər yazmaq lazımdır. Bu resepti daha dəqiq bilənlər daha geniş auditoriyaya xitab edə bilir. Mən heç vaxt kütləvi, sevilən şeir yazmağa çalışmamışam. Kütləviləşən şeirlərim olub, amma bunu xüsusi olaraq, düşünüb yazmamışam. Görünür, bəzən bu məqam şairdən asılı olmur. Hər bir şair çox oxunmaq istəyir, ancaq bunun üçün çalışanları başa düşmürəm. Çünki heç vaxt çox oxunmaq üçün xüsusi nə isə etməmişəm. Oxucu sayının azlığı şair kimi məni narahat etmir.
Aydan Qasımova
