Bu gün:

Dərmanların keyfiyyəti - Həkimin mövqeyi "1 sual, 1 cavab"-da



24media.az-ın “1 sual, 1 cavab” rubrikasının bugünkü qonağı tibb məsələləri üzrə ekspert Aydın Əliyevdir. O, vətəndaşların dərman preparatlarının keyfiyyəti haqda iradlarına fikir bildirib.

Azərbaycanda  dərman preparatlarının hazırkı keyfiyyəti haqda  nə düşünürsünüz?

-Dərmanların keyfiyyəti haqda mətbuatda çox yazılır. Məsələn, dərmanların effektinin az olması, yaxud da bəzi dərmanların bahalığı barədə məlumatları vaxtaşırı görürük. Qaydaya görə, xaricdən gətirilən dərmanların öz istehsal olunduğu ölkədə olan effektinin ən azı 80%-i olmalıdır. Bu, yüksək göstəricidir. Təbii ki, burada problemlər var. Belə ki, sahibkarlıq monopoliyası söhbətləri, xaricdən satılan dərmanların qiymətlə əlaqədar olaraq tərkibində müəyyən qədər dəyişikliklər edilməsi kimi hallar keyfiyyətin azalmasına səbəb ola bilir. Xaricdən gələn dərmanlar analiz edilməlidir. Verilən sənədə görə, dərmanların tərkibi müəyyən edilməlidir sonra tibb müəssisələrinə, əhaliyə təqdim olunmalıdır. Əlavə olaraq onu qeyd edim ki, Azərbaycanda, xüsusən də Qarabağda dərman zavodları fəaliyyətə başlamalıdır. Bu haqda danışıqlar aparılır. Azərbaycanın flora, faunası zəngindir. Bitki aləmini analiz edib, onları dərman vasitəsi kimi istifadə edə bilərik. Biz özümüz dərman zavodları açsaq, dərmanların keyfiyyətinə də, qiymətinə də özümüz cavabdeh olarıq. Hazırda isə əksər vaxtlarda əhali reklamlardan əldə etdiyi məlumata əsasən, dərmanı alır və onu istifadə edir. Lakin onlar bilmirlər ki, bu dərmanlar onların digər orqanlarına xeyir, yaxud ziyan edir. Mən dərman reklamının da  əleyhinəyəm. Həkim məsləhəti olmadan dərman istifadə etmək düzgün deyil.

Sayad Qoşnalıyeva

Paylaş
Şərh əlavə et