Bu gün:

"Aktyorluq sənəti əyləncəli və maraqlıdır, lakin yolları keşməkeşlidir" - Elman Rəfiyevlə Müsahibə


24media.az-ın budəfəki müsahibi  “Azərbaycan Dövlət Pantomim Teatrı”nın aktyoru və direktoru, əməkdar artist Elman Rəfiyevdir. “REMO” ləqəbli aktyora sənəti ilə bağlı bir suallar ünvanladıq.


Aktyor sənətinə marağınız nə vaxtdan yaranıb?

“Aktyor sənətinə marağım doğulandan yaranıb. Özümü dərk etdiyim vaxtlar hiss edirdim ki, bu sənət mənim üçün çox maraqlıdır. Uşaq vaxtı evdə kinoları parodiya edirdim və evdəkilərin xoşuna gəlirdi. Bundan sonra diqqət mərkəzində olmaq, seçilmək xoşuma gəlməyə başladı. Evə gələn qonaqlar beş dəqiqə vaxtlarını ayırıb hansısa parodiyama baxırdılar və əl çalmağa başlayırdılar. Mən də bu hissi çox sevməyə başladım. Nəticədə, qərara gəldim ki, bu sənətin ardınca getməliyəm. Sumqayıtda 13 nömrəli orta məktəbdə oxuyurdum. Bir gün içəri bir xanım girib “Kim Kukla Teatrına yazılmaq istəyir?” dedi. Əlbəttə ki, birinci mən əlimi qaldırdım və düşündüm ki, hə, mən istədiyimi tapdım. O vaxt “Pionerlər Evi” var idi. Ora gedib məşğul olmağa başladım, ilk tamaşam “Şəngül, Şüngül, Məngül” oldu, orada canavar rolunu oynamışdım. Elə ora getdiyim gündən mən bu sənətin arxasınca düşməyə başladım”.

Sizi sənətinizə bağlayan amillər hansılardır?

“Aktyorlar müxtəlif həyatları, insanlar isə bir həyatı yaşayırlar. Dondan-dona giririk. Bu, mənim üçün çox maraqlıdır. Monotonluqdan uzaq olub dəyişkənliyi sevdiyim üçün bu sənəti seçmişəm və məni sənətimə bağlayan amillərdən biri də məhz budur”.

Yaradıcılığınızda başınıza gəlmiş ən qəribə və maraqlı hadisə nə olub?

“Bir dəfə Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir” tamaşasında oynayırdıq. Qadın, kişi, şeytan və mələk rolları var idi. Şeytan rolunda mən oynayırdım. Tamaşada Pərviz Məmmədrzayevin oynadığı bir səhnə var idi, yumruğunu stola vurub “Lənət sənə, kor şeytan” deyirdi. O əsnada stolun altından mən çıxmalı idim. Amma sən demə, səhnəni düzgün gəlməmişəm. Pərviz Məmmədrzayev dodağının altından mənə “cəvahir, cəvahir” deyirdi. Mən də anlamırdım. Çünki biz o vaxtlar Gənc Tamaşaçılar teatrında çalışırdıq, geyimlərimizi verən xanımın adı da Cəvahir idi. Ona görə öz-özümə düşünürdüm ki, Cəvahirin bura nə dəxlisi var? Artıq növbəti dəfə Pərviz müəllim “ləl-cəvahir” deyə səsləndi, başa salmağa çalışdı ki, sıranı səhv gəlmisən, növbəti səhnəyə getməlisən. Həmin tamaşada bir maraqlı məqam da olmuşdu. Bir səhnə var idi ki, Pərviz Məmmədrzayev qazanın ağzını açır və içindən quş çıxır. Həmin quş obrazını da şeytan oynayırdı, yəni mən. Həmişə rollar eyni qayda ilə gedirdi. Bu dəfə vəziyyət fərqli oldu: səhnəyə çatmaq üçün 1-2 dəqiqə vaxtım var idi. Mən pilləkənləri qaça-qaça səhnənin aşağı hissəsinə qalxdım, amma gördüm ki, qapı bağlıdır. Nə edim deyə düşündüm, çünki adi səhv səhnəni poza bilərdi. Tez pilləkənləri yuxarı çıxdım və Pərviz qazanın qapağını açanda özümü işıq sürətilə səhnəyə - qazanın içinə atdım. Nəticədə, tamaşanı uğurla başa vurduq. Səbəbi isə bu idi ki, Bəxtiyar Xanızadə həmişə deyirdi: “Mənim aktyorum hərtərəfli və hər şeyə hazır olmalıdır””.

Sənətinizdə hansı maneələrlə rastlaşmısınız və nə vaxtsa bu maneələr sizi sənətdən uzaqlaşmağa sövq edibmi?

“Əgər işini sevirsənsə, maneələr də xoş gəlir. Mənim qarşılaşdığım bir çox manelər olub. Hətta valideynlərim belə aktyor olmağıma qarşı idilər, amma mən hədəfimdən dönmədim. Məqsədimə çatmaq üçün gecəmi gündüzümə qatdım, xalq teatrına getmək istəyəndə qapını üzümə bağlayıb qoymadılar, teatrın rejissoru gəlib “Bu uşaqda istedad var, niyə icazə vermirsiniz?” demişdi. Hətta universitetə qəbul olmaq üçün imtahan verəndə də arxamca gəlməmişdilər. Valideynlərim məndən əllərini üzmüşdülər. “Gənclər Teatrı”nda çalışdım, sonra oradan ayrıldım. Artıq evlənmişdim, 2 övladım var idi. Onlara baxmaq, saxlamaq lazım idi. Bunu deməkdən heç çəkinmirəm, o zamanlar səhərlər 5-6-da durub bazara gəlib alver ilə məşğul olurdum. Saat doqquza kimi işimi bitirirdim, sonra da iş yerimə - teatra gəlirdim. Onu da deyim ki, mən bu sənətə gələndə kinoya çəkilmək üçün gəlmişdim. İnanın ki, düz 15 il kinoya çəkilmək üçün gözlədim. Amma nə xoş mənə ki, teatrla məşğul oldum, Bəxtiyar Xanızadəyə rast gəldim. Hətta onun təkidi ilə kloun sənətinin incəliklərini öyrəndik və Azərbaycanın ilk klounlarından olmuşduq. El şənliklərinə, doğum günlərinə gedirdim. Belə-belə davam elədi. Qazancımı yığıb özümə ev aldım. “Bakıda özümə ev, maşın alacam” deyəndə mənə gülürdülər ki, “aktyorluqla nə maşın alacaqsan?”, amma nəticədə, mən istəklərimə nail oldum. Deməyim odur ki, o manelərin hamısından dözüb keçdim və bəlkə də, buna görə də bu sənət mənə doğma gəlir. Prezidentin sərəncamına əsasən, “Əməkdar artist” adına layiq görüldüm. Əlbəttə ki, bu nailiyyətlərin hamısı uzunmüddətli zəhmətin və çətinliklərin nəticəsidir”.



Günümüzdə gənc aktyor və aktrisaların fəaliyyətini necə dəyərləndirirsiniz?

“Bugünkü gənc aktyor və aktrisalarımızın çatışmaz cəhəti odur ki, onlar birdən-birə məşhur olmaq istəyirlər. Çətinliklərdən boyun qaçırırlar. Məhz buna görə professionallıqdan kənara çıxırlar. Sənəti dərindən bilən qocaman aktyorların, aktrisaların sözünə qulaq asmaq istəmirlər. Gənclərin çoxunda “ulduzluq xəstəliyi” baş qaldırıb. Məhz onların bəlası da elə buradadır. Əlbəttə ki, sözüm hamısına şamil deyil. Gənclərimizin arasında çox istedadlılar da var və çalışırlar ki, yüksək mərtəbəyə zərrə-zərrə çatsınlar”.

Regionlardakı ali təhsilsiz aktyorlar haqda nə düşünürsünüz?

“Birmənalı olaraq aktyorun təhsili olmalıdır. Belə misal verim:”Əlifbanı öyrənmədən necə gedib roman oxuya bilərsən?”.  Aktyorun gözəl danışığı, intellektual səviyyəsi, dünyagörüşü olmalıdır, yazıçıları tanımalıdır. Kimdəsə fitri istedad ola bilər, lakin fitri istedad bir yerə qədərdir. Elə fitri istedadı olanlar var ki, Şekspirin kim olduğunu bilmədən Hamleti oynamaq istəyirlər. Fitri istedad ilə bir, iki, uzağı üç dəfə rol oynaya bilərsən. Bu istedadın üstünə bilik də gətirməlisən, buna görə də, sözsüz ki, təhsil vacibdir”.

Nazirlik və fərdi insanlar tərəfindən aktyorlarımıza olan münasibət necədir? Məvaciblərdə dəyişiklik olmalıdır?

“Nazirlik aktyor və aktrisaların qayğısına qalmaq üçün kifayət qədər çalışır. O vaxt Afaq Bəşirqızı Prezidentlə görüşdə fikrini bildirib aktyorların məvacibinin artmasında köməkçi rolunu oynadı. Bu gün bəzi aktyorlar gileylənirlər. Amma burada bir məsələ var ki, bizi heç kim məcburən aktyor olmağa çağırmayıb, aktyor olmağı özümüz seçmişik. Aktyorluqda pulun az olduğunu bilirik, bunu bilərək gəlirik, bəs niyə yenə gileylənirik? Əgər bunu qəbul etmisənsə, dözməlisən. Bir çoxları bunu anlamır ki, məvacibləri qaldırmaq nazirliyin öhdəliyində deyil. Nazirlik bizi bina ilə təmin edib, aybaay maaşlarımızı alırıq. Pandemiya dövründə belə 2 il evdə oturduq, onda işləməsək də, dövlət maaşlarımızı verirdi. Niyə bundan danışmırıq? Düşünürəm ki, əgər hansısa aktyor bu gün dolana bilməməyindən şikayətlənirsə, bu, onun problemidir. Bu gün 3 ildən bir hər aktyorun işinə, əməyinə görə aktyora “Prezident mükafatı” verilir. Əlbəttə, mən də aktyor məvacibinin daha artıq olmasını istəyərdim. Bizdə çəkildiyin seriala görə təqdim olunan məvacib çox azdır. Türkiyə ilə müqayisə etsək, görərik ki, orada hansısa serialın 1 bölümünə çəkilmiş aktyora verilən pulu bizdə qazanmaq üçün serialda aya 20 bölüm olmaqla 10 il çəkilməlisən. İnsanların aktyorlara qarşı münasibətləri isə adamdan-adama dəyişir. Elələri var ki, aktyora yaxşı mənada qeyri-adi baxırlar, elə adamlar da var ki, aktyorluğa “mütrüb” kimi baxırlar, amma xeyr, elə deyil, aktyor sənəti çox gözəl bir peşədir”.

Aktyor sənətinə müraciətdə nə kimi dəyişiklik müşahidə edirsiniz? Statistikada artım varmı?

“Əvvəllər aktyor sənətindən 30 nəfər məzun olurdusa, onların yalnız 2 nəfəri aktyor olurdu. İndi bu sənət üçün müraciətlər artsa da, tələbələrin tez bir zamanda tanınmış olmaq istəməkləri onların inkişaf etmələrinə əngəl olur”.

Yenidən şans verilsə idi, hansı rolu bir daha canlandırmaq istəyərdiniz?

“ “Qala” filmində oynadığım rolu bir daha canlandırmaq istərdim”.

Son olaraq, aktyor sənətindən bəhs edən hansı filmlərin adlarını çəkə bilərsiniz?

“ “Yeddi oğul istərəm”, “Uzun ömrün akkordları”, “Qorxma, mən səninləyəm”, rus filmləri olan “Avtomobildən özünü qoru” və “Buratino”.

İmza: Məryəm Abdullazadə

Paylaş
Şərh əlavə et