
24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı Azər Quliyevdir. O, hava şəraiti zamanı çöldə işləyən şəxslərin işi haqqında danışıb.
-Hansı hava şəraiti zamanı çöldə işləyən şəxslərin işi dayandırılmalıdır?
Soyuq və isti hava şəraitində fasilələr və işin dayandırılması Azərbaycan Respublikası Əmək Məcəlləsinin 133-cü maddəsi ilə tənzimlənir.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin bu maddəsinə əsasən:
1. İşçilər aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən onlara qızınmaq üçün fasilələr verilir və ya iş dayandırılır.
2. İşçilər havanın temperaturu azı 41 dərəcə selsidən çox olan isti və açıq şəraitli iş yerlərində və ya ilin soyuq vaxtında, temperaturu müsbət 14 dərəcə selsidən aşağı olan örtülü, lakin isidilməyən binalarda işləyərkən onlara bu maddə ilə müəyyən olunmuş qaydada fasilələr verilir və iş dayandırılır.
3. İşçilərə fasilələr verilməsi və işin dayandırılması üçün əsas hesab edilən havanın temperaturu və küləyin gücü Azərbaycan Respublikası Əmək Məcəlləsinə 2-ci əlavədə konkret göstərilir, nəzərdə tutulur.
4. Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir.
5. İş dayandırıldıqda boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsində olan bu tələb praktikada əksər hallarda tədbiq olunmur və ya nadir hallarda tədbiq olunur. Praktikada Azərbaycan Respublikası Əmək Məcəlləsinin bu tələbinin tətbiq edilməməsinin 3 səbəbi var: birincisi, Əmək Məcəlləsində olan isti hava ilə əlaqədar 41 dərəcədən çox olması həddinin yüksək olması, ikincisi, biz çox da isti olmayan ölkədə yaşayırıq, üçüncüsü, əgər isti hava olan ölkədə yaşayırıqsa, onda havanın proqnozu müvafiq orqanlar tərəfindən düzgün göstərilmir.
Nərminə Eyyubova
