Bu gün:

"Qadın futbolçular haqda kənardan şərh bildirəndə hər şey sadə görünür"


24Media.az-ın növbəti müsahibi qadın futbolçu 22 yaşlı Mələk Çukayevadır. O, özfəaliyyəti, ölkə və dünya futbolu ilə bağlı suallarımızı cavablandırıb. 

Mələk xanım, futbolçu olmağa necə qərar verdiniz, sizi nə həvəsləndirdi? 

- Mənim futbola olan həvəsim, əsasən, idman sahəsinə (voleybol, qaçış, tennis, badminton və s.) olan istəyimdən və anamın da gənc yaşlarında idmana olan marağı, idmanda qazandığı uğurları sayəsində yarandı. Bu, irsən keçmə sayıla bilər. İdman sənayesinin müxtəlif sahələri üzrə uğur və nailiyyətlərim olub, diplom və medallarla təltif olunmuşam. Mən futbola 2014-cü ilin iyun aylarında, həmin vaxtda Balakən Rayon İdman Kompleksində indiki müəllimlərim İdris və Fərəc müəllimin mənə futbola qatılmaq təklifi əsasında futbola başlamaq qərarına gəldim. Voleybol müəllimlərimiz bizi voleybol oynamağa İdman kompleksinə aparmışdılar, orada həmin futbol müəllimlərimizlə qarşılaşdıq. Təklif etdilər ki, marağınız varsa, başlayın, beləliklə, Balakən üzrə yeni komanda yığılandan bəri komandada varam.

Verdiyiniz bu qərardan heç peşman olmusunuzmu? 

- Mən verdiyim bu qərardan heç vaxt peşman olmamışam. Ali təhsilli biri olaraq bu qərarımın hər zaman arxasında olmuşam və hələ də futbolla məşğul oluram.

Bu sənayedə qadın olmağın görünən və görünməyən tərəfləri nələrdir? 

- Görünən tərəfləri odur ki, kənardan şərh bildirəndə hər şey sadə görünür, amma bizə qarşı çoxlu qərəzli yanaşma mövcuddur. Ancaq işimizin görünməyən tərəfində çəkdiyimiz əziyyətlər, komandamızın birliyi üçün göstərdiyimiz əməklər, zəhmətimiz, alın tərimizlə uğur qazanmaq üçün atdığımız addımlar durur.

Bəs motivasiyanı haradan alırsınız? 

- Futbol oynadığım zaman motivasiyanı bir kapitan olaraq müəllimlərimizin məşqlər zamanı, oyuna girməzdən öncə bizə verdiyi birlik dəstəyi, komanda yoldaşlarımın oyun başlamazdan əvvəl əllərimizi birləşdirib "hamı bir nəfər, bir nəfər hamı üçün" şüarını səsləndirməyimizdən alıram. Oyunda məğlub olsaq belə, sonuna qədər oynayacağımıza dair verdiyimiz sözlər, özümüzdə yaratdığımız müsbət psixologiya, klubumuzun hər daim mehriban, sevgi dolu, müəllimlərimizin qayğıkeş, anlayışlı olması məni həmişə motivasiya edib. 

Azərbaycanda futbol sənayesini, burada qadınların rolunu necə qiymətləndirirsiniz

- Məlum məsələdir ki, qadın futbolu uzun illərdir qadağalar yaşayıb. Ötən əsrin 70-ci illərindən etibarən qadın futbolu bir qədər rahat nəfəs almağa başladı. Sovetlər dönəmində qadınlar futbolla məşğul olurdu. Lakin qadın futbolu olimpiyada idman növü olmadığı üçün bir qədər diqqətdən kənarda qalırdı. Ölkəmizdə qadın futbolu "ikinci baharı"nı 2012-ci ildən etibarən yaşayır. Bildiyiniz kimi, həmin il Azərbaycan "U-17"lər komandaları arasında dünya çempionatına ev sahibliyi etmişdi. Bu yarışa hazırlıq çərçivəsində 2012-ci ilə qədər həmin istiqamətdə böyük işlər görülmüşdü. Hazırda Azərbaycan FİFA reytinqində 79-cu yerdədir. Müqayisə üçün ölkəmizin kişilərdən ibarət milli komandası FİFA reytiqində 121-ci yerdədir. Bu məqamın özü də qadın futbolu adına ümidli olmağa əsas verir. Milli komandamızın üzvlərinin çoxu legioner həyat yaşayır. Bu ürək açan nəticədir. Bütün bunlar istək və zəhmətlə mümkün olub. Bununla belə, yenə də qadın futbolu Azərbaycanda yetərincə tanınmayıb və inkişaf etməyib. Düşünürəm ki, qadın futbolu ilə bağlı məlumatlar futbolsevərlərə düzgün formada çatdırılmalıdır.

Ailəniz və dostlarınız futbolçu olaraq sizin haqqınızda nə düşüncədədirlər? 

- Belə bir düşüncə var ki, futbol kişi idmanıdır, qadın fiziologiyası bu işə uyğun deyil. Mən də bir futbolçu olaraq bəzən qohumlarımdan, dost-tanışlarımdan eşidirəm ki, futbol qadın idman növü deyil, kişi üçündür. Niyə futbol oynayırsan, qadına uyğun başqa iş sahələri ilə məşğul ol kimi tövsiyələr alıram. Müsbət enerji bəsləyənlər də var, mənfi yanaşanlar da.

Futbol karyeranızda heç qadın olduğunuz üçün xoşagəlməz hadisə, yaxud ayrı-seçkiliyə məruz qalmısınızmı? 

 - Xoşagəlməz hadisələrlə elə də qarşılaşmamışam, çünki mən kimsənin şəxsi həyatına qarışmıram və mən də xoşlamıram ki, kimsə şəxsi həyatıma qarışa. Sadəcə fikir və şərhlərini bildirə bilərlər, mən də hərkəsin düşüncəsinə, fikirlərinə hörmətlə yanaşaram. Ailəm də mənə hər zaman şəxsi fikirlərimə hörmətlə yanaşıb, iş və şəxsi həyatımda mənə dəstək olublar.

Futbolçu kimliyiniz şəxsi həyatınıza necə təsir edir? 

- "Futbolçu" adı uzun illər çəkilən zəhmətin nəticəsidir. Bu yolda futbolçulara dəstək şərtdir. Futbolçu olmaq mənim şəxsi həyatıma həm mənəvi, həm psixoloji, həm də sağlamlıq tərəfindən müsbət təsir göstərir.

Futbolda gəldiyiniz yerdən razısınızmı? 

- Bəli, futbolda gəldiyim yerdən razıyam. Sadəcə özümün şəxsi karyeram var.  Hazırda "Nəqliyyat mühəndisliyi" ixtisası üzrə ali təhsil alıram . Futbolu hara kimi davam etdirəcəyim zamanla bilinəcək. Hazırda bu barədə dəqiq məlumat verməyim düzgün olmaz. 

Futbol karyeranızda indiyədək hansı uğurları əldə etmisiniz?

- Mən 9 ildir futbolla məşğul oluram. Bu 9 il ərzində uğur və nailiyyətlərim bol olub. "U-13"lərdə, "U-17"lərdə, "U-19"larda fəaliyyətim olub və bu zaman ərzində qızıl, gümüş, bürünc medallar və diplomlarla təltif olunmuşam.

 9 ildir futbolla məşğul olan qadın futbolçu kimi bu sahədə davam etmək istəyənlərə nə tövsiyələr verərdiniz? 

- Futbolu futbol edən insandır. Futbol kütləviliklə başlayır. Qadınlara da bu sahədə tövsiyəm odur ki, sizin arzunuz nədirsə o arzuya çatmağınız üçün əlinizdən gələni edin. Ürəyinizin səsini dinləyin. Ətraf aləmin dedikləriylə hərəkət etməyin. Həyat sizindir. Bu həyatı siz yaşayacaqsınız, sizin yerinizə sizin işinizə qarışanlar yox. Hər zaman, ilk növbədə, iç səsinizə qulaq verin. Futbolun cinsiyyət fərqlilikdə bir idman növü olduğu düşüncəsini ağlınızdan birdəfəlik çıxardın və irəli addımlayın hər zaman.

Hədəf və planlarınız nələrdir? 

- Bu haqda indidən tam fikir bildirə bilmərəm. Amma ayrı sahədə karyeram var deyə, bəlkə, davam etdirməyə bilərəm. Lakin hələ bu düşüncəyə gəlməmişəm. Hələki futbol sahəsində davam etməyi düşünürəm. Ailə qurandan, uşaq dünyaya gətirəndən sonrada idmandan uzaqlaşmağı düşünmürəm. İdman yaşımızdan asılı olmayaraq, hər zaman sağlam həyat tərzimizin olması üçün lazımlıdır.

Sizcə, Azərbaycan mediasında futbolla bağlı xəbərlər nə dərəcədə düzgün işıqlandırılır?

- Əslində, qadın və futbol gözəl birləşmədir. Təəssüf ki, qızlar liqasının oyunları televiziya ilə yayımlanmır. Varlığımızı rəqəmsal platformalarda, sosial şəbəkələrdə göstəririk. İnternet böyük resursdur və biz bundan düzgün istifadə edərək insanlara unikal kontent təqdim edirik. Yerli biznes sturukturları və sahibkarların futbola, futbolçu qızlara dəstək verməsinə ehtiyac var. Bu sahədə medialarda xəbərlər daha çox və daha düzgün şəkildə işıqlandırılmalıdır.

Azyaşlı qızların futbolla məşğul olması və inkşafı üçün hansı şərait yaradılıb və nə etmək lazımdır?

- Biz qızlarımızı futbola gətirmək üçün işləməliyik. Ən birincisi, insfrastruktura ehtiyac var. Müasir təlim-məşq bazaları, stadionlar, akademiyalar qızların xidmətinə verilməlidir. Liqaların, yarışlarının sayı və iştirakçıları artmalıdır, standartlar yüksək səviyyədə təmin edilməlidir. Sağlam rəqabət üçün şərait yaradılmalıdır. İştirakçı klubları davamlı olmalıdır. İştirakçıların (futbolçu, məşqçi, hakimlərin) müntəzəm inkişafı təmin edilməlidir.

Futbol həm də əyləncədir. Futbolsevərlərə düzgün xidmət göstərərək onların tribunaları bəzəməsini təmin etməliyik. Futbolun biznes modeli qurulmalıdır. Qızların tələbləri qarşılandıqca nəticə də əldə edəcəyik. Bu da özündə daha çox maraq gətirəcək. Sosial şəbəkələrdə, internetdə mövcud olmaq şərtdir. İstər klublar, istərsə də futbolçular bu istiqamətdə işlər görməlidirlər.

Ayşə Məmmədcəfərli

Paylaş
Şərh əlavə et