
24Media.az-ın budəfəki müsahibi İradə Salahovadır. O düz 30 ildir ki, təndir çörəyi bişirib satmaqla məşğul olur. Müsahibimizin sözlərinə görə, istər yayın qızmar istisində, istərsə də qışın soyuğunda böyük sevgiylə öz işlərini görürlər.
Müsahibənin əvvəlində İradə Salahova uşaqlığından bəri heç vaxt evlərində sobada çörək bişirilmədiyini, bu işi bütünlüklə anasından öyrəndiyini və bu peşəyə ailə qurduqdan sonra başladığını vurğulayır.
Müsahibimiz ailə qurduqdan bir müddət sonra yoldaşını itirdiyi üçün işləmək məcburiyyətində qaldığından danışır:
"Övladlarıma baxmaq üçün bu peşəylə məşğul olmağa qərar verdim. Həm də bildiyim iş idi. Elə işə ilk gündən qonşum Gülcamal ilə başladıq. O gündən bu günə hələ də bir yerdə çalışırıq".
İradə Salahova ilk başlarda hər şeyin çox çətin olduğunu vurğulayır:
"Təbii ki, başlarda hər şey daha çətin idi. Xəmir yoğurmaq üçün neçə saat vaxtım gedirdi, yorulurdum. Çörək bişirdiyimiz yerin dam örtükləri yox idi. Qaz təchizatında tez-tez problemlər yaşayırdım. Bu da çox çətinlik yaradırdı. Amma təndirimiz yola yaxın yerləşdiyi üçün yoldan keçənlər yaxınlaşıb çörək alırdılar. Artıq onların bəziləri bizim daimi müştərilərimizə çevrildilər. Sonra marketlərə çörək paylamağa başladım və beləliklə, qazancım artdıqca daha yaxşı şərait qurmağa çalışdım".
Müsahibimiz bildirir ki, bu iş çox əziyyətlidir, ona görə də peşəsini özündən sonra kiməsə qoymaq istəmir:
"İstəmirəm ki, mənim övladlarım, nəvələrim belə çətin, əziyyətli işlə məşğul olsunlar. İstəyirəm ki, onlar təhsil alıb həkim, müəllim, mühəndis olsunlar. Bu iş isə çox çətindir. İstəmirəm ki, gələcək nəsillərdən kimsə belə əziyyətli işdə çalışmaq məcburiyyətində qalsın".
Sonda İradə Salahova gənclərə oxuyub təhsil almalarını tövsiyə edir:
"Arzuladığınız sənətə yiyələnin və bu qədər əziyyət çəkməyin".
Lalə Mənəfova
