Bu gün:

İran: ABŞ ilə danışıqlarda davam edir


İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə danışıqlar məsələsində Qətər və Pakistanın vasitəçilik fəaliyyətlərinin davam etdiyini bildirib.

24media.az TRT Haber-ə istinadən xəbər verir ki, İran dövlət televiziyasına danışan Əraqçi Vaşinqtonla mümkün danışıqlara dair sualları cavablandırıb. Nazir bildirib ki, Xarici İşlər Nazirliyi danışıqlardan daha çox sanksiyalar səbəbindən ölkənin iqtisadi dayanıqlığını gücləndirməyə üstünlük verir. Onun sözlərinə görə, İran ehtiyac duyduğu məhsulları müxtəlif yollarla təmin etməyə və ölkəyə qarşı iqtisadi məhdudiyyətlərin təsirini azaltmağa çalışır. Əraqçi Qətər və Pakistanın vasitəçilərinin ABŞ ilə danışıqlarla bağlı təşəbbüslərinin davam etdiyini, onların fikir və təkliflərini tərəflərə çatdırdığını qeyd edib. O, yeni imkanlar yarada biləcək təklifləri nəzərdən keçirdiklərini, lakin Hörmüz boğazının açılması üçün irəli sürdükləri tələblərin yerinə yetirilməsində israrlı olduqlarını vurğulayıb.

İranın ABŞ-yə təqdim etdiyi tələblər arasında dəniz blokadasının aradan qaldırılması, ticarət və neft gəmilərinin Hörmüz boğazından təhlükəsiz keçidinə zəmanət verilməsi, birtərəfli sanksiyaların ləğvi, neft ixracına güzəştlər edilməsi, dondurulmuş aktivlərin azad olunması, nüvə materiallarının ölkə daxilində saxlanılması və müharibənin başa çatdırılması yer alır.

Fidan Mənsimova

Paylaş
Şərh əlavə et