Beyləqanda yeniyetmə və gənclər arasında narkotik vasitələrin zərərləri, sosial şəbəkələrdə gizli manipulyasiyalar və süni intellekt əsaslı məzmunların təsirləri ilə bağlı maarifləndirici aksiya təşkil olunub.
24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu Beyləqan Rayon İcra Hakimiyyəti ilə birgə rayonda maarifləndirici aksiya keçirib.
Aksiya zamanı sakinlərə, xüsusilə yeniyetmə və gənclərə narkotik vasitələrin zərərləri barədə məlumat verilib. İştirakçılara “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Valideynlər üçün tövsiyə”, “Yeniyetmələr və gənclər üçün”, “Psixotrop maddələr haqqında həqiqət” və digər mövzularda maarifləndirici materiallar paylanılıb.
Könüllülər rayonun müxtəlif ərazilərində sakinlərlə görüşərək internet və sosial şəbəkələrdəki gizli manipulyasiyalar, süni intellektlə hazırlanan məzmunların təsirləri və psixoloji təzyiqlər barədə danışıblar.
Görüşlərdə gənclərə düzgün qərar verməyin əhəmiyyəti, narkotik və psixotrop maddələrin insan sağlamlığına vurduğu zərərlər, eləcə də bu maddələrin istifadəsinin nəticələri izah olunub. Yeniyetmələrdə erkən davranış və fizioloji dəyişikliklərin vaxtında müəyyən edilməsinin vacibliyi də vurğulanıb.
Bundan əlavə, narkotik asılılığının ailə və cəmiyyət üçün yaratdığı problemlərdən danışılıb, sağlam həyat tərzinin əhəmiyyəti diqqətə çatdırılıb.
Aylin Bayraməliyeva
