Bu gün:

Tayvan yaxınlığında iki Rusiya hərbi təyyarəsi qeydə alınıb


Tayvan Müdafiə Nazirliyi iki Rusiya hərbi təyyarəsinin ölkənin hava hücumundan müdafiə identifikasiya zonasına daxil olduğunu açıqlayıb. Bu, həftə ərzində Rusiya təyyarələrinin Tayvan yaxınlığında qeydə alındığı ikinci hadisədir.


24edia.az Reuters-ə istinadən xəbər verir ki, Tayvan Müdafiə Nazirliyinin məlumatına görə, iki Rusiya Tu-95 hərbi təyyarəsi cənub istiqamətindən yaxınlaşaraq cümə axşamı adanın şərqində uçuş həyata keçirib. Bu, son bir həftə ərzində Rusiya təyyarələrinin Tayvan yaxınlığında qeydə alındığı ikinci hadisədir.


Nazirliyin məlumatına görə, NATO-da “Ayı” adı ilə tanınan təyyarələr Tayvanın hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub, daha sonra adanın şimal-şərqində, Keelunq liman şəhəri yaxınlığından ərazini tərk edib.


Tayvan hərbçiləri uçuşun bütün mərhələlərini kəşfiyyat və müşahidə sistemləri vasitəsilə izləyib və vəziyyətə uyğun tədbirlər görüblər. Nazirlik təyyarələrdən birinin Tayvana məxsus F-16 qırıcısından çəkildiyi bildirilən fotosunu da yayımlayıb.


Qeyd edək ki, çərşənbə axşamı da iki Rusiya hərbi təyyarəsi adanın şərq sahili boyunca cənub istiqamətində uçub. Yaponiya da həmin gün oxşar uçuş barədə məlumat yayıb və təyyarələrin hərəkət istiqamətini göstərən xəritə dərc edib.


Tu-95 təyyarələri Soyuq müharibə dövründən qalma modellərdir. Onların bəziləri nüvə silahı daşımaq qabiliyyətinə malikdir, digərləri isə uzaqməsafəli müşahidə və kəşfiyyat məqsədilə istifadə olunur. Rusiya Müdafiə Nazirliyi hadisə ilə bağlı Reuters-in sorğusuna cavab verməyib.


Hadisə Rusiya Prezidenti Vladimir Putinin Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak etdiyi vaxta təsadüf edib. Sammitin başlanğıcında Tayvanın nümayəndəsi, Acer şirkətinin qurucusu Stan Şih Putinlə qısa müddətə əl sıxıb. Putin sammit çərçivəsində Çin Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Trampla üçtərəfli görüş də keçirəcək.


Qeyd edək ki, Tayvan 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsindən sonra Qərb ölkələri ilə birlikdə Moskvaya qarşı geniş iqtisadi sanksiyalar tətbiq edib. Çin Tayvanı öz ərazisinin bir hissəsi hesab edir və bu mövqeyi Rusiya da dəfələrlə dəstəkləyib. Çin ordusu ada ətrafında demək olar ki, hər gün hərbi fəaliyyət göstərir. Tayvan hökuməti isə Pekinin suverenlik iddialarını rədd edərək adanın gələcəyinə yalnız onun xalqının qərar verə biləcəyini bildirir.


Aylin Bayraməliyeva








Paylaş
Şərh əlavə et