ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpin Çinin Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində üçtərəfli danışıqlara başlayıblar.
24media.az Al Jazeera-ya istinadən xəbər verir ki, görüşdən əvvəl liderlər birgə foto çəkdiriblər. Danışıqların açılışında Si Cinpin böyük dövlətlər arasında əməkdaşlığın dünya sülhü üçün əhəmiyyətini vurğulayıb və qlobal problemlərin həllinə çağırıb. O, nüvə silahlarından azad dünya qurulmasının vacibliyini də qeyd edib.
Tramp üç ölkənin nüvə silahlarına nəzarət məsələsini müzakirə etmək üçün xüsusi imkanlara malik olduğunu bildirib. Putin isə Ukraynadakı müharibənin danışıqların əsas mövzularından biri olacağını deyib. Daha sonra liderlər qapalı müzakirələrə keçiblər.
Üçtərəfli görüşdən əvvəl Tramp Putin və Si Cinpinlə ayrı-ayrılıqda görüşüb. Çin lideri ABŞ ilə münasibətlərin sabitləşdiyini və yaxşılaşdığını bildirərək Tramp ilə əməkdaşlığı davam etdirmək niyyətini ifadə edib. Tramp isə iki ölkə arasında ticarət və gömrük tarifləri məsələsində əldə olunan razılaşmanı müsbət qiymətləndirib.
Putinlə görüşdə Ukraynadakı münaqişə və ikitərəfli münasibətlər müzakirə olunub. Kremlin xarici siyasət məsələləri üzrə köməkçisi Yuri Uşakov danışıqların yaxşı keçdiyini və Rusiya prezidentinin görüşdən yüksək əhval-ruhiyyə ilə ayrıldığını bildirib.
APEC sammitində Sakit okean hövzəsində yerləşən 21 iqtisadiyyatın nümayəndələri də iştirak edirlər. Sammit çərçivəsində iqtisadi əməkdaşlıq, innovasiyalar və qarşılıqlı açıqlıq məsələləri müzakirə olunur.
Aylin Bayraməliyeva
