Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin elan olunmasının 43-cü ildönümü qeyd edilib.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) müstəqilliyinin elan edilməsinin 43-cü ildönümü münasibətilə tədbir keçirilib.
Tədbir Azərbaycanın və Şimali Kipr Türk Cümhuriyyətinin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra hər iki xalqın şəhidlərinin xatirəsi ehtiramla yad edilib.
Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəsi Ufuk Turqaner çıxışında xalqının azadlıq, milli varlığını qorumaq və öz müqəddəratını təyin etmək uğrunda mübarizəsindən danışıb. O, 1983-cü il noyabrın 15-də ŞKTC-nin yaradılmasını bu mübarizənin tarixi nəticəsi kimi qiymətləndirib və Türkiyənin göstərdiyi dəstəyin əhəmiyyətini vurğulayıb.
Ufuk Turqaner Azərbaycan ilə Şimali Kipr arasında iqtisadiyyat, ticarət, turizm, səhiyyə və ali təhsil sahələrində əlaqələrin inkişaf etdiyini bildirib. O, 2024-cü ildə iki ölkənin parlamentləri arasında dostluq qrupunun yaradılmasının münasibətlərin genişlənməsinə yeni imkanlar açdığını qeyd edib. Həmçinin ŞKTC-nin Türk Dövlətləri Təşkilatında müşahidəçi üzvlüyünün Türk dünyasının həmrəyliyinin göstəricisi olduğunu vurğulayıb və Azərbaycan Prezidenti İlham Əliyevə Kipr türklərinə göstərdiyi dəstəyə görə təşəkkür edib.
Milli Məclisin deputatı, Azərbaycan–Şimali Kipr Türk Respublikası parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri Cavanşir Feyziyev isə Şimali Kipr Türk Cümhuriyyətinin yaradılmasını Türk dünyası tarixində milli iradə və müstəqillik uğrunda mübarizənin nümunəsi kimi dəyərləndirib.
Deputat ŞKTC-nin 2022-ci ildə Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv qəbul edilməsinin, eləcə də Türk dünyasının Şuşa və Qəbələ Zirvə toplantılarında təmsil olunmasının dövlətlər arasında birlik və həmrəyliyi nümayiş etdirdiyini bildirib.
Cavanşir Feyziyev 1997-ci ildə ŞKTC-nin Azərbaycandakı nümayəndəliyinin açılmasını ikitərəfli əlaqələrin qurulması baxımından mühüm hadisə adlandırıb. O, 2024-cü ildə parlamentlərarası İşçi qrupunun yaradılmasının siyasi, iqtisadi və mədəni-humanitar əlaqələrin inkişafına töhfə verdiyini qeyd edib.
Tədbir bədii hissə ilə davam edib.
Fidan Ağayeva
