Azərbaycan ilə ABŞ arasında əməkdaşlıq layihələri müzakirə olunub.
24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, noyabrın 18-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ-nin sülh missiyaları üzrə xüsusi nümayəndəsinin baş müşaviri Arye Laytstoun ilə görüşüb.
Görüşdə Azərbaycan-ABŞ ikitərəfli münasibətləri və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan konkret əməkdaşlıq layihələrinin perspektivlərini nəzərdən keçiriblər.
Həmçinin regional bağlantıların, Orta Dəhlizin və nəqliyyat-logistika imkanlarının inkişafı məsələləri müzakirə olunub. Bu kontekstdə TRIPP layihəsinin regional nəqliyyat və iqtisadi əlaqələrin gücləndirilməsinə, eləcə də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantının təmin edilməsinə verəcəyi töhfə vurğulanıb.
Görüş zamanı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi və qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
Fidan Ağayeva
