İngiltərədə Rusiya adına casusluqda şübhəli bilinərək saxlanılan 41 yaşlı ABŞ hərbçisi ABŞ ordusunun nəzarətinə verilib.

24media.az TRT Haber-ə istinadən xəbər verir ki, London Metropolitan Polisinin məlumatına görə,hərbçi noyabrın 10-da İngiltərənin Qlosterşir bölgəsində saxlanılıb. O, məxfi məlumatları əldə etmək və ya yaymaq, eləcə də xarici kəşfiyyat xidmətinə yardım etməkdə şübhəli bilinir. Hadisə ilə bağlı Qlosterşirdə iki ünvanda axtarış aparılıb.
İngiltərənin Terrorla Mübarizə Polisi tərəfindən aparılan araşdırmanın materialları prokurorluğa təqdim olunub. İngiltərə prokurorları məsələni ABŞ-dakı həmkarları ilə müzakirə ediblər.
ABŞ Federal Təhqiqat Bürosunun (FBI) direktoru Keş Patel milli təhlükəsizliyi təhdid edən şəxslərə qarşı sıfır tolerantlıq nümayiş etdiriləcəyini bildirib.
Fidan Mənsimova
