Bu gün:

ABŞ-də bir ir neçə böyük bankın sistemində nasazlıq yaranıb


ABŞ-nin aparıcı bankları JP Morgan Chase, Wells Fargo və Bank of America-nın minlərlə müştərisi bank xidmətlərinə çıxışda problemlə üzləşib. Texniki nasazlıq nəticəsində müştərilər hesablarına daxil olmaq, balanslarını yoxlamaq və pul köçürmələri həyata keçirməkdə çətinlik çəkiblər.

24media.az TRT Haber-ə istinadən xəbər verir ki, problemlər bazar ertəsi günortadan sonra başlayıb. ABŞ-nin ən böyük banklarından biri olan Chase Bank nasazlığın avadanlıq sistemlərindəki proqram təminatı xətasından qaynaqlanmış ola biləcəyini açıqlayıb. Bank problemin müvəqqəti xarakter daşıdığını və kiberhücumla əlaqəli olmadığını bildirib.

Downdetector platformasının məlumatına görə, Chase Bank xidmətləri ilə bağlı təxminən 5 min nasazlıq bildirişi qeydə alınıb. Müştərilər onlayn hesablarına daxil olmaq, balans məlumatlarını görmək və elektron pul köçürmələri etməkdə çətinlik çəkiblər. Problemlər Bank of America, US Bank və Wells Fargo müştərilərinə də təsir edib. Bəzi müştərilər bankomatlardan və mobil tətbiqlərdən istifadə edə bilmədiklərini, digərləri isə hesablarına daxil olmaqda və ödənişlər həyata keçirməkdə çətinlik çəkdiklərini bildiriblər. US Bank bəzi sistemlərinin birbaşa təsirlənmədiyini, lakin Zelle rəqəmsal ödəniş platformasından istifadə edən müştərilərin köçürmələr zamanı xəta mesajları ilə qarşılaşdığını açıqlayıb. Zelle isə öz xidmətlərinin normal işlədiyini bildirib.

Bundan əlavə, Truist, PNC və Capital One banklarının müştəriləri də oxşar problemlər yaşadıqlarını bildiriblər. Lakin həmin banklar nasazlıqdan təsirlənmədiklərini açıqlayıblar. Digər tərəfdən, ABŞ-də bank sistemlərindəki problemlərlə eyni gündə United Airlines aviaşirkəti də genişmiqyaslı texniki nasazlıq yaşadığını təsdiqləyib. Problem bir neçə saat ərzində aradan qaldırılıb və şirkət bunun kibertəhlükəsizliklə əlaqəli olmadığını bildirib.

Qeyd edək ki, ABŞ-də son günlər Microsoft sistemlərində, aviasiya sektorunda və Federal Aviasiya Administrasiyasının (FAA) şəbəkəsində də texniki nasazlıqlar qeydə alınıb.

Fidan Mənsimova

Paylaş
Şərh əlavə et