Bu gün:

Nigeriyada 19 milyon uşaq təhsildən kənarda qalıb


Nigeriyada yoxsulluq, erkən nikahlar, silahlı hücumlar və məktəblərin maliyyə çatışmazlığı səbəbindən təxminən 19 milyon uşaq təhsil ala bilmir.

24media.az BBC-yə istinadən xəbər verir ki, UNESCO-nun 2024-cü ildə paylaşdığı məlumatlara əsasən, Nigeriyada məktəb yaşında uşaqların təxminən dörddə biri təhsildən kənarda qalıb. Bildirilib ki, ölkənin şimal-qərb və mərkəzi bölgələrində silahlı dəstələrin hücumları və adam oğurluqları ailələrin evlərini tərk etməsinə səbəb olur. Məcburi köçkün düşərgələrində yaşayan uşaqların bir qismi isə ailələrinə maddi dəstək olmaq üçün işləməyə məcbur qalır.

Məlumata görə, 15 yaşlı Hadiza 13 yaşında ailə qurduqdan sonra təhsilini yarımçıq qoyub. Bölgədəki ənənəyə əsasən, qızlar evləndikdən sonra təhsillərini davam etdirmirlər. Digər tərəfdən, atasını silahlı hücum nəticəsində itirən 12 yaşlı Rukayya ailəsini dolandırmaq üçün odun satır və kömək istəyir.

Qeyd edək ki, Nigeriyada uşaqlar üçün doqquz illik ödənişsiz və icbari təhsil nəzərdə tutulsa da, məktəblərdə müəllim, sinif otağı və tədris materialları çatışmazlığı mövcuddur. Təhsil naziri Suvayba Said problemin həlli üçün hökumətin müxtəlif təşəbbüslər həyata keçirdiyini bildirib.

Fidan Mənsimova


Paylaş
Şərh əlavə et