Bu gün:

ABŞ və 9 ölkə süni intellekt təhlükəsizliyi sahəsində əməkdaşlıq edəcək


ABŞ və daha 9 ölkə süni intellekt sahəsində təchizat zəncirinin və kritik infrastrukturun təhlükəsizliyini gücləndirmək məqsədilə birgə bəyanat imzalayıb.

24media.az TRT Xəbərə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin açıqlamasına görə, “silikon təchizat zənciri”nin yaradılmasını hədəfləyən beynəlxalq “Pax Silica” təşəbbüsü çərçivəsində ABŞ və daha 9 ölkə arasında süni intellekt sahəsində əməkdaşlıq haqqında birgə bəyanat imzalanıb.

“San-Fransisko Bəyannaməsi” ABŞ, Avstraliya, Hindistan, İsrail, Yaponiya, Cənubi Koreya, Qətər, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Böyük Britaniya tərəfindən imzalanıb. Sənəd qabaqcıl süni intellekt texnologiyalarının inkişafı üçün zəruri olan kritik infrastrukturun və təchizat zəncirinin təhlükəsizliyinin gücləndirilməsini nəzərdə tutur.

Bəyannamədə iqtisadi təhlükəsizliyin milli təhlükəsizliyin əsas elementlərindən biri olduğu vurğulanır. Sənəd, həmçinin süni intellekt sahəsində ortaq məqsədlərin həyata keçirilməsi üçün işçi qrupunun yaradılmasını nəzərdə tutur.

Bəyannamədə süni intellekt təchizat zənciri üçün əhəmiyyətli olan proqram təminatı, materiallar, bilik və komponentlər kimi həssas texnologiyalara, eləcə də fiziki və rəqəmsal infrastruktura yönələn istənilən təhlükənin iştirakçı ölkələrin iqtisadi və milli təhlükəsizliyi üçün ciddi risk yaratdığı qeyd olunur.

Təşəbbüs haqqında

Vaşinqton administrasiyası 2025-ci ilin dekabrında kritik minerallar, enerji və süni intellekt infrastrukturu kimi sahələri əhatə edən “silikon təchizat zənciri”nin yaradılmasına yönəlmiş “Pax Silica” adlı əməkdaşlıq təşəbbüsünü elan edib.

ABŞ-ın rəhbərliyi ilə yaradılan təşəbbüsün ilkin iştirakçıları sırasında Yaponiya, İsrail, Avstraliya, Sinqapur, Niderland, Böyük Britaniya, Cənubi Koreya, BƏƏ və Hindistan yer alıb.


Nəzrin Nəsirova

Paylaş
Şərh əlavə et