İspaniyada mənzil böhranına və kirayə haqlarının artmasına etiraz olaraq noyabrın 11-də ümumi tətil keçirilib. Həmkarlar ittifaqlarının məlumatına görə, aksiyaya təxminən 4 milyon işçi qatılıb.

24media.az TRT Xəbərə istinadən xəbər verir ki, İspaniyada mənzil böhranı və artan kirayə haqlarına etiraz olaraq noyabrın 11-də ümumi tətil keçirilib. Həmkarlar ittifaqlarının məlumatına görə, aksiyaya təxminən 4 milyon nəfər qoşulub. Tətil 2012-ci ildən bəri ölkədə keçirilən ilk ümumi tətildir.
Madrid və Barselona başda olmaqla bir çox şəhərdə mağazalar və iş yerləri bağlanıb. Etirazçılar mənzil qiymətlərinin və kirayə haqlarının artmasından narazılıqlarını bildiriblər.
İspaniya Mərkəzi Bankının məlumatına görə, ölkədə təxminən 750 min mənzil çatışmazlığı var. Bu rəqəmin 2028-ci ilədək 1 milyonu keçəcəyi gözlənilir. İspaniya Gənclər Şurasının məlumatına əsasən, orta aylıq kirayə haqqı 1176 avroya çatıb ki, bu da gənclərin orta aylıq əməkhaqqının 98,7 faizinə bərabərdir.
Tətil xüsusilə limanlarda və avtomobil sənayesində təsirli olub. Həmkarlar ittifaqları bu sahələrdə iştirak səviyyəsinin 90 faizə çatdığını, “Volkswagen” və “SEAT” zavodlarında istehsalın dayandığını açıqlayıb. Səhər saatlarında elektrik enerjisinə tələbat proqnozdan 15,5 faiz aşağı düşüb. Polis günorta saatlarına qədər 40 nəfərin saxlanıldığını bildirib. Həmkarlar ittifaqlarının məlumatına görə, müdaxilələr zamanı 20 etirazçı yaralanıb.
Ümumi tətil noyabrın 29-da keçiriləcək növbədənkənar parlament seçkiləri ərəfəsində Baş nazir Pedro Sançes hökumətinə təzyiqi artırıb. İşəgötürənlər mənzil böhranının həlli üçün tikintinin artırılmasını və vergilərin azaldılmasını təklif edirlər.
Nəzrin Nəsirova
