İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ ordusunun müşayiəti və döyüş təyyarələrinin dəstəyi ilə Hörmüz boğazının cənubundakı marşrutdan keçməyə çalışan iki neft tankerinin dəniz minasına düşərək partladığını iddia edib.

24media.az TRT Xəbərə istinadən xəbər verir ki, İnqilab Keşikçiləri Korpusunun yaydığı açıqlamada tankerlərin dəniz minasına düşməsi nəticəsində baş verən güclü partlayışların Hörmüz boğazını saatlarla işıqlandırdığı bildirilib.
İddialara görə, həmin iki tanker daha əvvəl partlayan digər iki tankerin yaxınlığında partlayıb. Həmçinin, boğazda alovlanaraq batan tankerlərin sayının altıya çatdığı qeyd edilib.
Partlayışlar nəticəsində yaranan çirklənmənin boğazın sahillərinə yayıldığı bildirilib. Açıqlamada bu hadisələrin ABŞ-nin “qanunsuz dəniz blokadasına” və Hörmüz boğazında İran tərəfindən müəyyən edilmiş qaydaların pozulmasına cavab olaraq həyata keçirilən “cəzalandırma tədbiri” olduğu vurğulanıb.
Neft şirkətlərinin rəhbərlərinə də xəbərdarlıq edilən açıqlamada ABŞ tərəfindən yaradıldığı bildirilən cənub marşrutunun dəniz minaları ilə döşəndiyi qeyd olunub.
Bildirilib ki, ABŞ hərbi rəsmilərinin açıqlamalarına güvənərək həmin marşrutdan istifadə etməyə çalışan şirkətlərin tankerləri təhlükə ilə üzləşə bilər.
Nəzrin Nəsirova
