Bu gün:

# Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirilib


“Nurlu Sabah” Gənclərə Qayğı İctimai Birliyinin və “Bu gün TV Media Qurumu”nun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə reallaşan layihədə Daun sindromlu 20 yeniyetmə və 20 valideyn iştirak edib. Təbiətə sevgi, inklüzivlik və birlik ideyalarını özündə birləşdirən sosial layihənin əsas məqsədi ekoloji fəaliyyətləri təşviq etmək, gənclərin cəmiyyətə inteqrasiyasına dəstək olmaq və onların istedadlarını üzə çıxarmaqdır.

24media.az Bugun.tv-yə istinadən xəbər verir ki, Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” təşkil olunub.


Tədbirin ən maraqlı və yadda qalan mərhələlərindən biri yeniyetmələrin quş evcikləri və heyvanlar üçün sığınacaqlar hazırlaması olub. İştirakçılar hazırladıqları evcikləri rəngləyərək Mərkəzi Nəbatat Bağına hədiyyə ediblər. Bu təşəbbüs uşaqlarda heyvanlara və quşlara qayğı, təbiətə sevgi, əməyə hörmət kimi dəyərlərin formalaşmasına xidmət edib.


Festivalın xüsusi diqqət çəkən proqramlarından biri də yoqa təlimi olub. Yoqaçı Rinat Alimov Daun sindromlu yeniyetmələr üçün bir saatlıq xüsusi təlim keçib. Meditasiya musiqisinin müşayiəti ilə baş tutan məşğələ iştirakçıların böyük marağına və sevincinə səbəb olub. Bu proqram festivalın yalnız ekoloji deyil, həm də fiziki və emosional rifahı dəstəkləyən sosial layihə olduğunu nümayiş etdirib.


Tədbirin Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Mərkəzi Nəbatat Bağında keçirilməsi festivalın ideyası ilə uyğunluq təşkil edib. Payızın rəngləri, təbiətin füsunkar mənzərəsi və açıq havanın yaratdığı xoş atmosfer tədbirin ümumi ruhunu daha da zənginləşdirib.


Festival çərçivəsində yaradıcılıq qabiliyyəti və xüsusi istedadı olan yeniyetmələr üçün də geniş imkanlar yaradılıb. Onların rəsm sərgisi, musiqi və rəqs nömrələri, eləcə də digər yaradıcı çıxışları tədbirin yadda qalan məqamlarından olub. Gənclərin özünəməxsus enerjisi və sevinc dolu anları iştirakçılara xoş ovqat bəxş edib.


Tədbirdə rəsmi qonaqlar da iştirak ediblər. Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxışında belə sosial layihələrin həyata keçirilməsini yüksək qiymətləndirib və onların yeniyetmələrin inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb. O, təşkilatçılara fəaliyyətlərində uğurlar arzulayıb.

“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin rəhbəri Məhluqə Rəhimova çıxışında sosial məsuliyyətin yalnız maddi dəstəklə məhdudlaşmadığını vurğulayıb. O bildirib ki, bəzən bir uşağın sevincinə şərik olmaq, onun bacarığına inanmaq və cəmiyyətə inteqrasiyasına şərait yaratmaq ən böyük dəstəkdir.

Əməkdar jurnalist, media eksperti Mətanət Ağamirli “Təbiətin Dostları Festivalı”nın əhəmiyyətindən danışıb. O, layihədə vaxtından iştirak edən valideynlərə və yeniyetmələrə uğurlar arzulayıb, həssas qruplardan olan istedadlı gənclərin ekoloji fəaliyyətlərə cəlb olunmasını yüksək qiymətləndirib.

Daxili İşlər Nazirliyinin sabiq inspektoru Kəmalə Ələkbərova da çıxış edərək xüsusi qayğıya ehtiyacı olan yeniyetmələrin cəmiyyətə inteqrasiyasında, sosial fəallıqlarının artırılmasında və bərabər imkanlarla təmin olunmasında belə festivalların mühüm rol oynadığını qeyd edib.

Daha sonra çıxış üçün “Təbiətin Dostları Festivalı”nın layihə rəhbəri, “Nurlu Sabah” Gənclərə Qayğı İctimai Birliyi ilə “Bu gün TV Media Qurumu”nun təsisçisi, Əməkdar jurnalist Elnarə Dərziyeva səhnəyə dəvət olunub.

E.Dərziyeva qonaqlara təşəkkürünü bildirib, festivalın əsas tərəfdaşlarından olan UAFA Uşaqlara Dəstək təşkilatının Valideyn Birliyinin rəhbəri Zəhra Xələfovaya tədbirin təşkilindəki roluna görə xüsusi minnətdarlığını ifadə edib.

Layihə rəhbəri festivalın gənc iştirakçılarının və valideynlərinin əməyini yüksək qiymətləndirərək, başda Z.Xələfova olmaqla, təşkilat adından hazırlanmış sertifikatları onlara təqdim edib.

Tədbirdə layihənin reallaşmasında tərəfdaş və dəstəkçilərin rolu da xüsusi vurğulanıb. Elnarə Dərziyeva festivalın əsas sponsorunun “Ziraat Bank Azərbaycan” olduğunu qeyd edərək, bankın “Təbiətin Dostları Festivalı”na nümunəvi tərəfdaşlıq nümayiş etdirdiyini bildirib.

“Onların bu təşəbbüsə verdiyi dəstək yalnız maliyyə dəstəyi deyil, həm də uşaqların sevincinə, təbiətin qorunmasına və daha həssas, daha qayğıkeş cəmiyyət quruculuğuna verilən dəyərli töhfədir”, – deyə E.Dərziyeva əlavə edib.

Daha sonra “Ziraat Bank Azərbaycan”ın Marketinq və Kommunikasiya Departamentinin direktoru Aynur Mirzəyeva çıxış edib. O, belə bir sosial layihədə tərəfdaş olmaqdan məmnunluqlarını ifadə edib. A.Mirzəyeva “Ziraat Bank Azərbaycan” olaraq cəmiyyətin rifahına, ekoloji düşüncənin formalaşmasına, həssas qruplardan olan uşaqların, yeniyetmə və gənclərin sosial həyatda fəal iştirakına töhfə verməyin korporativ sosial məsuliyyətdən irəli gəldiyini vurğulayıb.

Çıxışdan sonra “Nurlu Sabah” Gənclərə Qayğı İctimai Birliyi və “Bu gün TV Media Qurumu” adından hazırlanmış təşəkkürnamə A.Mirzəyevaya təqdim olunub.

Dadlı təamları ilə “Təbiətin Dostları Festivalı”na dəstək göstərən “Hacıbəy” restoranının rəhbər heyəti də tədbirdə iştirak edib. Restoranın rəhbəri Qumru Məmmədova və Fateh Əsmərə çıxış üçün söz verilib. Onlar festivala bundan sonra da tərəfdaşlıq etməyə hazır olduqlarını xüsusi vurğulayıblar. Daha sonra hər iki şəxsə təşəkkürnamə təqdim olunub.

Festivala dəstək göstərən, hər zövqə uyğun hədiyyə seçimləri ilə tanınan “Alo hədiyyələr” şirkətinin rəhbəri Rəvan Müşrəfanovaya və tədbir iştirakçılarına təqdim etdikləri hədiyyələrə görə “İlğım” MMC-nin kollektivinə minnətdarlıq bildirilib, onlara təşəkkürnamələr təqdim olunub.

Layihə çərçivəsində quş evciklərinin və heyvan sığınacaqlarının hazırlanmasına dəstək göstərən “Qardaşlar” mebel şirkətinə və “Ekosan” boya satışı mağazasına da təşəkkür edilib.

Qeyd olunub ki, “AzTekstil” şirkətinin festivala göstərdiyi diqqət və dəstək də təşəbbüsün həyata keçirilməsinə töhfə verib. Geyimlərin hazırlanmasına kömək göstərən şirkət təşkilat tərəfindən təşəkkürnaməyə layiq görülüb.

Daha sonra festivalın aparıcısı, “Bakısella” şirkətinin direktoru Fidan Orucəliyevaya söz verilib. O, belə bir sosial layihənin aparıcısı olmaqdan məmnunluğunu ifadə edib, tədbirdə iştirak edən valideynlərə və gənclərə, eləcə də layihə rəhbəri Elnarə Dərziyevaya uğurlar arzulayıb. F.Orucəliyeva, həmçinin yeni yaratdığı və rəhbərlik etdiyi “Bakısella” şirkətinin fəaliyyəti haqqında ümumi məlumat verib. Onun tədbirdə iştirakı yüksək qiymətləndirilib və təşkilat tərəfindən təşəkkürnamə və sertifikatla mükafatlandırılıb.

“Təbiətin Dostları Festivalı”na dəstək göstərən digər özəl qurum və təşkilatlara – Hindistan Respublikasının Azərbaycandakı səfirliyinə, yoqa təlimçisi İlhamə Şirinovaya, maraqlı təlimi ilə festivala rəng qatan yoqaçı Rinat Alimova, Əlil Qadınlar Cəmiyyətinə və Əlillərin Beynəlxalq Əməkdaşlıq Uğrunda İctimai Birliyinə, “Günəş” reklam şirkətinə, “Snerjipro” və “Amper” MMC-yə də göstərdikləri dəstəyə görə minnətdarlıq bildirilib.

Çıxışlarda gənclərin inkişafı, sağlam həyat tərzinin təşviqi və sosial təşəbbüslərin dəstəklənməsinin dövlətin prioritet istiqamətlərindən olduğu vurğulanıb. Bu istiqamətdə həyata keçirilən layihələrdə Gənclər və İdman Nazirliyinin dəstəyinin xüsusi əhəmiyyət daşıdığı qeyd edilib.

Təbiətin qorunması, ekoloji maarifləndirmə və inklüziv iştirakçılıq ideyalarını birləşdirən festivalın tərəfdaşı olduğuna görə Gənclər və İdman Nazirliyinə minnətdarlıq ifadə olunub. Nazirliyin Gənclərlə iş şöbəsinin aparıcı məsləhətçisi Zeynəddin Azaqova festivalın təşkilatçıları adından təşəkkürnamə təqdim edilib.

Sonra Mərkəzi Nəbatat Bağının direktor müavini Gülşən Cəfərova çıxış edərək, həmin gündən etibarən “Təbiətin dostları” elan olunan 40 nəfərlik iştirakçı heyətini – Daun sindromlu yeniyetmələri və onların valideynlərini təbrik edib. O, təşkilatçılara uğurlar arzulayıb.

Mərkəzi Nəbatat Bağının rəhbərliyi festivalda fəallıq nümayiş etdirən gəncləri də diqqətdən kənarda qoymayıb və onlara hədiyyələr təqdim edib.

Layihə rəhbəri Elnarə Dərziyeva tədbirin keçirilməsi üçün yaradılan şəraitə, iştirakçıların fəallığına və təşkilatçıların əməyinə verilən yüksək qiymətə görə Gülşən Cəfərovaya və kollektivin digər üzvlərinə dərin minnətdarlığını bildirib. O, Mərkəzi Nəbatat Bağına təşəkkürnamə təqdim edib.

Tədbirin ərsəyə gəlməsində yaxından iştirak edən könüllülər də diqqətdən kənarda qalmayıb. Onlar təbiətin qorunması və mühafizəsində göstərdikləri fəal iştiraka görə sertifikatlarla təltif olunublar.

Eyni zamanda, gəncləri şən mahnıları ilə təbrik etməyə gələn, tədbirin nəğməli qonaqları – müğənni Aynur Qarabağlı və saz ifaçısı Orxan Cəfərov da könüllü dəstəklərinə görə mükafatlandırılıblar.

Tədbirin təşkilatçısı Elnarə Dərziyeva layihə haqqında ümumi məlumat verərək bildirib ki, “Təbiətin Dostları Festivalı” dörd fəsli əhatə edən, təbiəti və sosial məsuliyyəti bir araya gətirən silsilə layihədir. Festivalın hər mərhələsində fərqli sosial qruplardan olan uşaqların, yeniyetmə və gənclərin iştirakı nəzərdə tutulur. Layihənin növbəti mərhələsinin qış fəslində, fevral ayında keçirilməsi planlaşdırılır.

E.Dərziyeva çıxışında festivalın əsas məqsədini belə ifadə edib:

“‘Təbiətin Dostları Festivalı’ bir daha göstərdi ki, təbiəti qorumaq üçün hər kəsin edə biləcəyi bir yaxşılıq var. Bir quş evciyi hazırlamaq, bir heyvana sığınacaq yaratmaq, bir uşağın, gəncin sevincinə səbəb olmaq və ona özünü dəyərli hiss etdirmək – bütün bunlar daha gözəl dünyanın qurulmasına atılan addımlardır. Çünki təbiətə sevgi, mərhəmət və insanlıq bir araya gələndə daha sağlam, daha qayğıkeş və daha inklüziv cəmiyyət formalaşır. Şüarımızda da qeyd olunduğu kimi, ‘Yaşıl dünya, sağlam gələcək naminə’, gəlin, əlimizdən gələni əsirgəməyək”.

Sonda festivalın rəmzi olan 20 sülh göyərçini tədbirdə iştirak edən yeniyetmələr tərəfindən qəfəsdən çıxarılaraq səmaya buraxılıb. Bununla da “Təbiətin Dostları Festivalı” başa çatıb.

Fidan Ağayeva



Paylaş
Şərh əlavə et