Bu gün:

Kembricli alim İspaniyada qatar qəzasında həlak olub


Tədqiqat institutu İspaniyada ən azı 69 nəfərin həyatını itirdiyi qatar qəzasında Kembric Universitetinin alimi Marta Şahbazinin də həlak olduğunu təsdiqləyib.

24media.az BBC.news-a istinadən xəbər verir ki, Molekulyar Biologiya üzrə Tibbi Tədqiqatlar Şurasının (MRC LMB) məlumatına görə, Marta Şahbazi Madridin cənubunda, Urda yaxınlığında toqquşan qatarlardan birində olub. O, Kembric şəhərində yerləşən institutda tədqiqatçılar qrupuna rəhbərlik edib. Kembric Universitetinin məlumatında Şahbazinin universitetlə əlaqəli dosent olduğu qeyd edilir.

İspaniyanın CiMUS institutu sosial şəbəkədə paylaşım edərək gənc alimin vəfatı ilə bağlı başsağlığı verib və onu “parlaq gənc tədqiqatçı” adlandırıb.

Hüceyrə biologiyası üzrə mütəxəssis olan Şahbazi Kembric Biotibb Kampusunda yerləşən MRC LMB-də fəaliyyət göstərən Şahbazi laboratoriyasına rəhbərlik edirdi. O, insanın erkən inkişafının öyrənilməsinə verdiyi töhfələrə görə İspaniya İnkişaf Biologiyası Cəmiyyətinin mükafatına layiq görülüb. Mükafatın İspaniyanın cənub-qərbində, Əndəlüs bölgəsində keçiriləcək konfransda təqdim olunması planlaşdırılırdı.

MRC LMB daha əvvəl Şahbazinin qəza zamanı qatarlardan birində olduğunu təsdiqləsə də, onun harada olduğu barədə məlumatın olmadığını bildirmişdi.

Santiyaqo-de-Kompostelada yerləşən CiMUS institutu açıqlamasında Marta Şahbazinin ölümündən kədərləndiyini bildirib. İnstitutun əməkdaşı olan Maria Xose Alonsonun bacısı qızı Şahbazi MRC LMB-də tədqiqat qrupunun rəhbəri, həmçinin Kembric Universitetinin Kök Hüceyrə İnstitutunda dosent vəzifəsində çalışıb.

Şahbazi doktorluq dərəcəsini İspaniya Milli Xərçəng Araşdırmaları Mərkəzində alıb. Daha sonra Kembric Universitetində doktoranturadan sonrakı tədqiqatçı kimi fəaliyyət göstərib və 2020-ci ildə MRC LMB-yə qoşulub.

Qəza zamanı dövlətə məxsus Renfe şirkətinin sürətli sərnişin qatarı Iryo şirkətinə məxsus hərəkətsiz qatarın arxasına çırpılıb.

Bu hadisə Avropanın müasir tarixində ən ağır dəmir yolu qəzalarından biri, İspaniyada isə 2013-cü ildən bəri baş verən ən ölümcül qatar qəzası hesab olunur. Ölkədə üç günlük milli matəm elan edilib.

Hər iki qatarda ümumilikdə 540-dan çox sərnişin olub. Kastiliya-La-Mança bölgəsi hökumətinin sözçüsü Ester Padilyanın sözlərinə görə, Iryo şirkətinin qatarında 146 sərnişin və bir körpə, Renfe şirkətinin qatarında isə 397 sərnişin olub.

Banuçiçək Qurbanova

Paylaş
Şərh əlavə et