Bu gün:

Qəzzada 21 min 468 xəstə və yaralı təxliyə gözləyir


Qəzzada tibbi imkanların məhdudluğu səbəbindən 21 min 468 fələstinli xəstə və yaralının müalicə üçün bölgədən kənara təxliyəsini gözlədiyi bildirilib. Onlardan 6 min 430 nəfəri təxliyəyə üstünlük verilən xəstələr sırasındadır.24media.az TRT Haber saytına istinadən xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyinin açıqlamasına görə, fevral ayından bəri 3 min 56 xəstə və yaralı bölgədən kənarda müalicə olunub. Onlardan 2 min 614 nəfəri Rəfah, 442 nəfəri isə Kərəm Əbu Salim sərhəd-keçid məntəqəsi vasitəsilə təxliyə edilib. Açıqlamada sərhəd-keçid məntəqələrinin qəfil bağlanmasının və prosedurların ləngidilməsinin tibbi təxliyə prosesinə mane olduğu bildirilib. Bu səbəbdən Qəzzada minlərlə xəstə və yaralının sağlamlıq vəziyyətinin ağırlaşdığı, bəzi şəxslərin isə müalicə üçün bölgədən çıxmağı gözləyərkən həyatını itirdiyi qeyd olunub. Nazirlik Rəfah sərhəd-keçid məntəqəsinin xəstə və yaralıların keçidi üçün açılmasına və gündəlik təxliyə sayının artırılmasına çağırıb. Qəzzada İsrailin hücumları və blokadası nəticəsində səhiyyə sektoru ciddi zərər görüb. Xəstəxanaların fəaliyyətinin dayanması, tibbi ləvazimatların və generatorlar üçün yanacağın çatışmazlığı tibbi xidmətlərin göstərilməsini çətinləşdirib.Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, 10 oktyabr 2025-ci ildə qüvvəyə minən atəşkəsdən sonra İsrailin hücumları nəticəsində 1 568 fələstinli həlak olub, 5 649 nəfər yaralanıb. 2023-cü ilin oktyabrından bəri Qəzza zolağına hücumlar nəticəsində isə 74 mindən çox fələstinlinin həlak olduğu, 175 mindən çox insanın yaralandığı və infrastrukturun təxminən 90 faizinin dağıldığı bildirilir.

Fidan Mənsimova

Paylaş
Şərh əlavə et