Bu gün:

İsrailin jurnalistlərə hücumları tənqid olunub


BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi Françeska Albanese İsrailin Qəzza zolağında jurnalistlərə qarşı hücumlarının və Fələstinlilərin səsinin susdurulmasının soyqırım prosesini asanlaşdırdığını bildirib. O, bu vəziyyəti “mediakırım” adlandırıb.24media.az TRT Haber saytına istinadən xəbər verir ki, Albanese “Dağıntılar altında həqiqət: Soyqırım dövründə media” adlı hesabatını BMT Baş Assambleyasına təqdim edib. Sənəddə jurnalistlərin öldürülməsi, saxlanılması, işgəncələrə məruz qalması, media qurumlarının dağıdılması və rəqəmsal platformalarda Fələstinlə bağlı məzmunun məhdudlaşdırılması məsələləri əks olunub. Hesabata görə, 2023-cü ilin oktyabrından etibarən Qəzzada təxminən 300 jurnalist öldürülüb, 400-dən çoxu yaralanıb. Həmçinin jurnalistlərin 710 ailə üzvünün öldürüldüyü, 150-dən çox jurnalistin evinin dağıdıldığı bildirilib. Sənəddə İsrail ordusunun 150 media ofisini dağıtdığı, Qəzzanın kommunikasiya infrastrukturunun 81 faizinin məhv edildiyi və 12 faizinin qismən zərər gördüyü qeyd olunub. Bundan əlavə, 100-dən çox jurnalistin qaçırıldığı və ya saxlanıldığı, onların pis rəftar və işgəncələrə məruz qaldığı iddia edilib. Hesabatda İsrailin media qurumlarına və sosial platformalara təzyiq göstərdiyi, Fələstinlilərin mövqelərinin yayılmasının məhdudlaşdırıldığı irəli sürülüb. BBC, CNN, “The New York Times” və “The Washington Post” kimi beynəlxalq media qurumlarının Qəzzadakı hadisələri işıqlandırma tərzi də tənqid edilib. Albanese bəzi İsrail media qurumlarında Fələstinlilərə qarşı zorakılığı təşviq edən ifadələrin yayımlandığını da bildirib.Hesabatda jurnalistlərə qarşı törədildiyi iddia edilən cinayətlərlə bağlı sübutların qorunması üçün müstəqil mexanizmin yaradılması təklif olunub. İsrailə jurnalistlərə qarşı hücumları dayandırmaq və beynəlxalq media nümayəndələrinin Qəzzaya girişinə icazə vermək çağırışı edilib. Sənəddə dövlətlərdən mümkün hüquq pozuntularını araşdırmaq, məsul şəxsləri məhkəmə qarşısına çıxarmaq və jurnalistlərin təhlükəsizliyini təmin etmək tələb olunub.

Fidan Mənsimova


Paylaş
Şərh əlavə et