Bu gün:

Tatarıstanda vəhşi heyvanları yollardan səslə uzaqlaşdırırlar


Tatarıstanın Nijnekamsk rayonunda vəhşi heyvanları yollardan uzaqlaşdırmaq üçün xüsusi səs cihazı quraşdırılıb. Cihaz artıq üç aydır Sobolekovsk şosesində işləyir və bu müddət ərzində həmin yolda heyvanların iştirakı ilə heç bir yol qəzası qeydə alınmayıb.

Foto: lidanews.by

24media.az tatarstan24.tv saytına istinadən xəbər verir ki, «Çiston» adlı cihaz it hürməsi, mişar səsi, metal cırıltısı və başqa səslər çıxarır. Bu səslər sığın, cüyür və çöl donuzlarını yoldan uzaqlaşdırır. Cihaz gecə-gündüz işləyir, hər üç dəqiqədən bir səs siqnalı verir və səslər təxminən 500 metr məsafəyə yayılır.

Mütəxəssislərin müşahidələrinə görə, heyvanlar artıq yolu keçmək əvəzinə, Sobolekovsk şosesinin kənarı ilə hərəkət etməyə başlayıblar.

Bioloji Resurslar üzrə Dövlət Komitəsinin məlumatına görə, Nijnekamsk rayonunda vəhşi heyvanların iştirakı ilə 17 yol qəzası qeydə alınıb. Çelnı şosesi və tramvay yolları boyunca uzanan digər yollar da təhlükəli hesab olunur.

Sürücülərə xəbərdarlıq nişanlarına diqqət yetirmək, sürət həddinə əməl etmək və avtomobillər arasında təhlükəsiz məsafə saxlamaq tövsiyə olunur.

Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et