Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sahillərində baş verən neft sızmasının miqyası genişlənir. Reuters agentliyinin oktyabrın 26-da yaydığı məlumata görə, oktyabrın 24-də çəkilmiş peyk görüntüləri neftin Umm əl-Qüveyn sahillərinə doğru yayıldığını göstərir.

24media.az Reuters-ə istinadən xəbər verir ki, BƏƏ rəsmiləri sızmanın qarşısının alınması istiqamətində tədbirlərin görüldüyünü bildiriblər. Ölkənin İqlim Dəyişmələri və Ətraf Mühit Nazirliyi hadisənin ətraf mühitə təsirini qiymətləndirir. Lakin neft sızmasına səbəb olan gəmi hələ rəsmi şəkildə müəyyənləşdirilməyib və hadisənin dəqiq səbəbi açıqlanmayıb.
Hadisə ilə əlaqədar bir sıra sahilyanı ərazilərdə məhdudiyyətlər tətbiq olunub. Umm əl-Qüveyn şəhərində çimərliklər bağlanıb, Şarjada Əl-Həmriyyə çimərliyi ehtiyat tədbiri olaraq istifadəyə bağlanıb. Ras əl-Xeymə əmirliyində isə bütün çimərliklərin fəaliyyəti növbəti bildirişədək dayandırılıb.
Mütəxəssislər neft sızmasının Fars körfəzinin ekosisteminə mümkün təsirləri ilə bağlı narahatlıqlarını ifadə ediblər. Bölgənin dəniz ekosistemi çoxsaylı balıq növləri, dəniz tısbağaları, delfinlər və mərcanlar üçün mühüm yaşayış mühitidir. Hazırda sızmanın miqyası və yayılma istiqaməti araşdırılır.
Emiliya Vəlicanova
