ABŞ Prezidenti Donald Trampın ikinci prezidentlik dövründə miqrasiya siyasəti sərtləşdirilib. Sərhəd nəzarəti gücləndirilib, deportasiyalar artırılıb, qaçqınların qəbulu və viza imkanları məhdudlaşdırılıb.
24media.az BBC-yə istinadən xəbər verir ki, Trampın 2024-cü il prezident seçkiləri zamanı verdiyi əsas vədlərdən biri ABŞ sərhədlərini bağlamaq və ölkədə qanunsuz yaşayan miqrantları deportasiya etmək olub. Onun ikinci prezidentlik dövründə bu istiqamətdə tədbirlər genişləndirilib.
ABŞ-nin Meksika ilə sərhədində miqrant keçidləri kəskin azalıb. Administrasiya sığınacaq müraciətlərinə məhdudiyyətlər qoyub, sərhədə hərbçilər göndərib və Meksikaya miqrant axınının qarşısını almaq üçün təzyiqləri artırıb.
Eyni zamanda, Meksika ilə sərhəddə divarın tikintisi sürətləndirilib. Tramp administrasiyasının məlumatına görə, yeni maliyyələşdirmə hesabına əlavə sərhəd maneələri inşa edilib, mövcud qurğular və müşahidə sistemləri yenilənib. Bununla belə, ekspertlər sərhəd divarının miqrant keçidlərinin azalmasına təsirinin dəqiq olmadığını bildirirlər.
Ölkə daxilində miqrantların həbsi və deportasiyası da artıb. Miqrasiya və Gömrük Xidmətinin (ICE) keçirdiyi əməliyyatlar bir sıra şəhərlərdə narazılıqlara səbəb olub. Məlumatlara görə, saxlanılan şəxslərin bir hissəsinin cinayət keçmişi yoxdur. Sərt tədbirlər ictimaiyyət arasında da mübahisələrə yol açıb.
Tramp administrasiyası qaçqınların ABŞ-yə qəbulunu da əhəmiyyətli dərəcədə azaldıb. Bəzi ölkələrin vətəndaşları üçün müvəqqəti qorunma statusunun ləğvi minlərlə insanın deportasiya riski ilə üzləşməsinə səbəb olub. Qaçqın qəbulu ilə bağlı qaydalar isə müəyyən istisnalarla məhdudlaşdırılıb.
Bundan başqa, bir sıra ölkələrin vətəndaşlarına viza məhdudiyyətləri tətbiq edilib, yoxlamalar sərtləşdirilib. Xarici ixtisaslı işçilərin ABŞ-də işləməsinə imkan verən H-1B vizası üzrə yeni ödəniş tələbi də gündəmə gəlib. Bu dəyişikliklərin texnologiya sektoruna və ABŞ-də çalışan xarici mütəxəssislərə təsiri müzakirə olunur.
Beləliklə, Trampın miqrasiya siyasətində əsas dəyişikliklər sərhəd təhlükəsizliyinin gücləndirilməsi, deportasiyaların artırılması, qaçqın qəbulunun azaldılması və viza qaydalarının sərtləşdirilməsi ilə bağlıdır. Bununla yanaşı, görülən tədbirlərin nəticələri və onların iqtisadi-sosial təsirləri ətrafında müzakirələr davam edir.
Zəhra Məlikova
