Bu gün:

“Kitabdakı bütün hadisələr realdır”


24media.az-ın növbəti müsahibi qısa məqalələrdən ibarət “Смотри в Жизнь Моими Глазами” (“Həyata Mənim Gözlərimlə Bax”) kitabının müəllifi, 2022-ci ildə rus dili üzrə dövlət trendi mükafatı alan Tutu Məcidovadır. Müəllif bizim kitab barədə suallarımızı cavablayıb.

Məqalələri məktəb vaxtında yazdığını deyən Tutu Məcidova vurğulayır ki, sonra məktəb direktoru yazıları Sankt-Peterburqa aparıb. Kitab yazmaq qərarına gəldikdə isə o, məqalələri yenidən əldə edib, əlavələr edib. Yazılar 10 ilə ərsəyə gəlib, lakin kitab halına salmaq üçün tam redaktəyə yanvar ayından başlayıb və 3 ay vaxt sərf edilib.

“Kitab tam istədiyim kimi oldu”, - deyən Tutu Məcidova əlavə edib ki, sadəcə, bəzi məlumatlar texniki səbəblərdən dərc edilməyib. 

O qeyd edib ki, kitabın səhifələrində QR kodun da olması nəzərdə tutulmuşdu, amma vaxt azlığından etmək mümkün olmayıb, 2-ci nəşrdə isə bu əlavə olunacaq:

“İnsan yorulduğu halda o QR kodu dinləyib kitabdan maariflənə bilər”.

Daha sonra həmsöhbətimiz kitabının adının niyə “Həyata Mənim Gözlərimlə Bax” olduğunu izah edib.

İkinci ixtisasının psixoloq olduğunu deyən müsahibimiz pandemiya və müharibədən sonra insanların fikirlərinin, hərəkətlərinin şahidi olduğunu qeyd edib:

“Artıq insanlar xoş bir şey gözləmirdilər, təbiətə belə baxıb ondan zövq ala bilmirdilər”, - söyləyən Tutu Məcidova özünün elə bir insan olmadığını vurğulayıb.

“Mən yeridiyim yoldan, baxdığım səmadan belə zövq ala bilərəm, ona görə istədim ki, hər kəs mənim gözümlə baxsın – məqsəd budur”.

Kitabın artıq satışa buraxıldığını deyən müəllif əlavə edib ki, hansısa kitabxanaya verilməsini istəməyib:

“İstədim ki, sifarişlə olsun kitablar”.

Kitabın çox sevildiyini vurğulayan Tutu Məcidova əlavə edib ki, ədəbi üslubda deyil, hər kəsin oxuyub anlaya biləcəyi bir üslubdadır:

“Həm maraqlı mövzular var, həm də anlaşılacaq bir dildə yazılıb”.

Həmsöhbətimiz deyir ki, kitabın rəsmi “İnstagram” səhifəsi var, oradan sifariş etmək olur.

24media.az xatırladır ki, kitab həm də rus dili biliyini inkişaf etdirmək üçün bir vasitədir, sonlarına doğru dil səviyyəsi artır. Müəllif ingilis dilli versiyanın da bu formatda olacağını bizə açıqlayıb.

“Dil səviyyəsi aşağıdan yuxarıya qalxır, oxucular C2 səviyyəsinə kimi inkişaf etdirə bilirlər”,-deyən müsahibimiz qeyd edir ki, ingilis dilli versiyanı hazırlamaqda əsas məqsədi həm kitabın Avropada da tanınmasını, həm də şəhidlər haqqında verdiyi məlumatları insanların oxumasını istəməsidir.

O, həmçinin 2-ci Qarabağ müharibəsi olandan sonra bu ölkənin vətəndaşı kimi bir şey etmək istəyib. Beləliklə, Tutu Məcidova kitabın son 30 səhifəsini şəhidlərə həsr edib:

“Kitabın son 30 səhifəsində 2-ci Qarabağ müharibəsinin şəhidlərinin şəkli və onlar haqqında məlumatlar yazılıb”.

Kitabda real hadisələrin bəhs olunduğunu deyən müsahibimiz bildirir ki, kitabın sonunda yerləşən bu qədər şəhid hər kəsi təəcübləndirir və maraqlandırır:

“Hazırda texnologiya çox inkişaf edib. İnsanlar şəhidlərimiz olan hissəni gördükdə artıq araşdırmağa başlayacaqlar. Məsələn, bunlar kimdir, nə vaxt, hansı səbəbdən vəfat ediblər”. 

Tutu Məcidova əlavə edir ki, o, hətta ölkəmizdə tarixi zəif bilən insanların belə bu kitabı oxuyaraq məlumat əldə edə biləcəklər.

Müəllif söyləyir ki, oxucular kitab sayəsində şəhidlərimiz haqqqında məlumatlar öyrənirlər, həmçinin 2-ci Qarabağ Şəhidlərinin ölümünün ölkədə sadə formada bilinməsini istəməyib.

Tutu Məcidova kitabın azərbaycandilli versiyasının çap olunacağından da xəbər verib.

“Kitabdakı bütün hadisələr realdır”,-deyən müsahibimiz bildirir ki, dünyanın ən kök insanı, vaxtı ikən varlı, sonra isə dünyanın ən kasıb insanı və s. haqqında yazıb.

O, həmçinin bildirir ki, kitabın yeni azərbaycandilli və ingilisdilli versiyaları ya bu ilin qış aylarında ya da növbəti ildə işıq üzü görəcəklər. Daha sonra əlavə edib ki, hətta başqa dildə də çap oluna bilər.

Sonda Tutu Məcidova qeyd edib ki, heç bir sponsorla çalışmayıb, komandası öz tələbələrindən ibarət olub. Müsahibimiz deyir ki, kitabın hazırlanması müddətində tələbələri onunla birlikdə işləyiblər, buna görə də onlara təşəkkürünü bildirib. Həmçinin əlavə edib ki, bu artıq onun üçüncü kitabıdır, ilk 2 kitab abituriyentləri və magistrları əhatə edir.

Günel Məmmədova





























Paylaş
Şərh əlavə et