Bu gün:

"Panellərdə beyin fırtınası yaşandı"


24Media.az-ın növbəti müsahibi 21-23 iyul tarixlərində keçirilən Şuşa Qlobal Media Forumunun iştirakçısı, Filologiya elmlər doktoru və Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğludur. O, forumla bağlı düşüncələrini bizimlə bölüşüb.

Vüqar Zifəroğlu Şuşa Qlobal Media Forumunun Azərbaycan və dünya mediasına təsirindən danışıb:

“İlk növbədə, onu qeyd etmək lazımdır ki, Şuşada keçirilən Qlobal Media Forumda müzakirəyə qoyulan məsələlər bütövlükdə beynəlxalq jurnalistika üçün aktual olan məsələlər idi”.

Daha sonra həmsöhbətimiz tədbirdə müzakirə olunan mövzuları sadalayıb: “Media savadlılığı, süni intellektin jurnalistikaya təsiri, informasiya təhlükəsizliyi, feyk və dezinformasiyalar ilə mübarizə, yeni media və klassik media münasibətləri, sosial medianın üstünlükləri və gətirdikləri müəyyən problemlər”.

“Mövzular müxtəlif və rəngarəng idi”, – deyən Vüqar Zifəroğlu əlavə edir ki, - “məhz bu mövzularla bağlı biz kifayət qədər maraqlı çıxışların şahidi olduq, eyni zamanda da maraqlı müzakirələr getdi”.

Müsahibimiz digər qonaqların fikirlərini də bizimlə bölüşüb. Zifəroğlu söyləyir ki, qonaqlar da müzakirələrin çox maraqlı keçdiyini deyiblər:

“Yeri gəlmişkən, bunu da vurğulamağı özümə borc bilirəm. Biz forumdan kənar qonaqlarla ünsiyyətdə olurduq, onlar da bunu vurğulayırdılar ki, həqiqətən də, panellərdə çox maraqlı bir beyin fırtınası yaşandı”.

O qeyd edir ki, Şuşa Qlobal Media Forumunun onun üçün 3 cəhəddən xüsusi əhəmiyyəti oldu:

"3 məqam oldu ki, bunlar mənim üçün xüsusilə önəmli idi və maraqlı gəldi. Bunlardan ilki, birinci gün Cənab Prezidentin forumda iştirakı və orada iştirak edən həm yerli, həm də əcnəbi qonaqların suallarının cavablandırılması idi”.

Müsahibimiz  əlavə edir ki, bu müddət təqribən 2 saat yarımdan artıq davam edib: 

“Bu zaman ərzində Cənab Prezident çox maraqlı, aydın və konkret mesajlar verdi. Regionun gələcəyi, Qarabağda gedən proseslər, media ilə bağlı çox maraqlı münasibəti oldu”.

Müsahibimiz onun üçün önəmli olan ikinci məqam olaraq tədbirin Şuşada keçirilməsini deyib: 

“İkinci məqam Forumun Şuşada keçirilməsidir. Bunun özü çox konkret bir mesaj idi”.

O qeyd edir ki, məsələ sadəcə əcnəbilərin Şuşada gedən işlərlə tanışlığından ibarət deyil: 

“Məsələ yalnız əcnəbi jurnalistlərin və qonaqların bu gün Şuşada gedən qlobal miqyasda bərpa-quruculuq işlərilə tanışlıq deyil, həmçinin Şuşaya getdikləri zaman Füzulidə, eləcə də Şuşanın bəzi kəndlərində dağıntılara öz gözlərilə şahid olmaqları idi. Bu bir daha onu göstərdi ki, işğal dövründə ermənilər nə cür qəddarlıq, vandallıq nümayiş etdiriblər”.

Həmsöhbətimiz üçün vacib olan 3-cü məqam onun ilk başda da qeyd etdiyi kimi, forumda aktual problemlərin müzakirə edilməsidir.

“Biz Azərbaycan jurnalistləri üçün bu aktual olan mövzularda gedən müzakirələr həm peşə fəalliyətimiz zamanı, həm jurnalist kimi müasir dövrün çağırışlarına daha hazır vəziyyətdə olmaq baxımından əhəmiyyətlidir”, – deyə müsahibimiz bildirib.

"Jurnalistika, informasiya texnologiyaları daim inkişaf edir”, - deyən müsahibimiz qeyd edir ki, -“İnformasiya texnologiyalarının jurnalistikaya çox əhəmiyyətli dərəcədə təsiri var. Jurnalistika özünü, ifadəsini dəyişir”.

Vüqar Zifəroğlu fikirlərini belə yekunlaşdırır: “Bu forumun keçirilməsini çox yüksək qiymətləndirirəm və inanıram ki, bu forum Azərbaycanda mütəmadi şəkildə təşkil edilər”.

Günel Məmmədova


















Paylaş
Şərh əlavə et