Bu gün:

Alimlər: Heyvanlar mühüm bilikləri nəsildən-nəslə ötürür


Gənc heyvanlar sosial davranışları və müxtəlif bacarıqları ətraflarındakı yetkin heyvanlardan öyrənirlər. İnsanlarda olduğu kimi, heyvanlar da bəzi vacib bilikləri müşahidə və təqlid yolu ilə mənimsəyirlər. Alimlər hesab edirlər ki, bu biliklərin nəsildən-nəslə ötürülməsi heyvan növlərinin qorunmasında mühüm rol oynayır.

Foto: animals.pibig.info

Science jurnalında yayımlanan araşdırmaya görə, balinalar, fillər və bəzi quş növləri sosial öyrənmə yolu ilə bacarıq və biliklərini gələcək nəsillərə ötürürlər. Məsələn, heyvanlar köç yollarını, qidanın harada və hansı vaxtda daha çox olduğunu, həmçinin təhlükələrdən necə uzaq durmağı yaşlı heyvanlardan öyrənə bilirlər.

Buna Yeni Zelandiyanın cənub sağ balinalarını nümunə göstərmək olar. Balina balaları həyatlarının ilk ilində anaları ilə birlikdə səyahət edir və qışlama və qidalanma ərazilərinə gedən yolları öyrənirlər. Alimlər bu prosesi “miqrasiya mədəniyyəti” adlandırırlar.

Lakin XIX əsrdə kommersiya məqsədli balina ovçuluğu nəticəsində çoxlu sayda balina öldürülüb. Həm yaşlı, həm də gənc balinaların məhv edilməsi onların qədim miqrasiya yolları haqqında biliklərinin də itirilməsinə səbəb olub. Nəticədə balinalar əvvəllər istifadə etdikləri bəzi marşrutları artıq öyrənə bilməyiblər.

Alimlərin sözlərinə görə, bu səbəbdən bu gün Yeni Zelandiyanın sahillərində az sayda cənub sağ balinasına rast gəlinir. Onların böyük hissəsi daha cənubda yerləşən subantarktik ərazilərdə müşahidə olunur.

Son illərdə isə bəzi dişi balinaların Yeni Zelandiya sahillərinə qayıtması diqqət çəkir. 2018-ci ildə Matariki adlı erkək cənub sağ balinası Vellinqton limanında da görülüb. Balinanın narahat ola biləcəyindən ehtiyat edən alimlərin tövsiyəsi ilə həmin vaxt planlaşdırılan atəşfəşanlıq ləğv edilib.

Yeni Zelandiya sahillərində balinaların sayının artması onların əvvəllər istifadə etdikləri miqrasiya yollarını yenidən kəşf etdiklərini göstərə bilər.

Alimlər hesab edirlər ki, balinaların sahil sularında təhlükəsiz şəkildə hərəkət etməsi üçün şərait yaradılmalıdır. Beləliklə, onlar öyrəndikləri marşrutları və digər vacib bilikləri öz balalarına ötürə bilərlər.

Araşdırma həmçinin göstərir ki, fillərin yaşlı dişi liderləri kimi mühüm bilikləri daşıyan heyvanların qorunması xüsusi əhəmiyyət daşıyır. Çünki belə heyvanların itirilməsi ilə birlikdə bütün qrup üçün vacib olan biliklər də yox ola bilər.

Bu araşdırma heyvanların yalnız instinktlərlə hərəkət etmədiyini, onların bir-birindən öyrəndiyini və müəyyən davranışları gələcək nəsillərə ötürdüyünü göstərir.

Mənbə: auckland.ac.nz
Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et