Bu gün:

"Gənclərimiz öz istədikləri peşənin ardınca getsinlər..."


24Media.az-ın növbəti qonağı gənc şef  Fərid Şıxəliyevdir. O, sahib olduğu və sevdiyi sənəti ilə bağlı olan sualları cavablandırıb.


Müsahibənin əvvəlində gənc şef yemək bişirməyə neçə yaşından başladığını və marağının necə yarandığından danışdı:

"Yemək bişirməyə 16 yaşımdan başladım. Uşaqlıqdan, yəni ağlım kəsəndən valideynlərimin yemək bişirdiyini görürdüm, bu məndə həvəs yaradırdı, beləliklə, istədiyim sahəyə sahib oldum".


Müsahibimiz həyatında ən böyük dəstəkçisi haqqında qeyd edir:

"Mənə daha çox ailəm və işlədiyim yerin şefləri, ustaları dəstək olublar. Nəticədə, bu səviyyəyə gəlib çatdım. Amma ən çox ailəm həm motivasiya, həm də  iş baxımından mənə dəstək olublar".


Gənc şef Fərid Şıxəliyev yemək bişirməklə bağlı planlarına hansı ölkədə davam etdirmək istəyinə belə aydınlıq gətirib:

"Gələcək planlarımı, böyük ehtimalla, Almaniyada davam etdirmək istərdim. Düzdür, alman mətbəxi ilə yaxından maraqlanmamışam. Ancaq onların mətbəxini öyrənib işləmək istəyirəm və bu, çox gözəl olar".


"Öncəliklə, yeməyin dadı əsasdır. İkinci nüans isə yeməyin servisi, dizaynıdır",-deyə o, yemək bişirərkən hansı nüansların vacib olduğunu vurğulayıb.


Müsahibin sözlərinə görə, gələcəkdə yemək proqramlarına qoşulmağı da  düşünür:

"Əlbəttə, bu təklifdən asılıdır və istənilən yemək proqramlarından təklif gələrsə, qatılmağı düşünürəm’’.


Gənc şef Fərid Şıxəliyev Meksika mətbəxinə önəm verdiyini qeyd edir: 

"Mən ən çox Meksika mətbəxinə önəm verirəm. Həmin mətbəxdən "tacco"-ları, meksikasayağı toyuq və cürbəcür yeməklər bişirirəm".


Müsahib uzun vaxt aparan yeməklərin hazırlanması üçün cəldliyin daha lazım olduğunu söyləyir. O deyir ki, cəldlik olan zaman gec hazırlanan yeməyi də hazır etmək və müştəriyə servis etmək mümkündür.




Fərid Şıxəliyevin sözlərinə görə, yemək bişirərkən ilham mənbəyi şeflərinin motivasiyasıdır.


Gənc şef "kişilər ən yaxşı şeflərdir" ifadəsi ilə razı olmadığını bildirib:

"Xeyr, bu fikir ilə razı deyiləm. Çünki hər bir insanın öz əlinin duzu var. Bu istər qadın, istərsə də kişi olsun, fərq etməz".


O, yeni dadları necə kəşf etdiyindən də bir az danışıb:

"İlk olaraq, öz eksperimentlərim üçün reseptləri şeflərimlə məsləhətləşirəm və daha sonra sosial şəbəkələrdə araşdırma edirəm. Fikrimə əsasən qidaları və tərkibindəkiləri bir-birinə qarışdıraraq yeməyi hazırlayıram".


Müsahibimiz hətta MTV kanalına dəvət olunduğunu vurğulayır:

"Mən MTV kanalında "Səhərin səsi" adlı verilişə dəvət olunmuşdum".


Müsahibənin sonunda gənc şef özündən sonrakılara daim məqsədlərin arxasınca getməklərini tövsiyə edir:

"Sadəcə demək istəyirəm ki, gənclərimiz öz istədikləri peşənin ardınca getsinlər, ruhdan düşməsinlər və daim özlərini inkişaf etdirsinlər".


Tərlanə Abdullayeva

Paylaş
Şərh əlavə et