Bu gün:

İndoneziyada güclü zəlzələ nəticəsində 51 nəfər ölüb, 5 minə yaxın insan təxliyə edilib


İndoneziyanın Flores adasında baş verən 7,7 bal gücündə güclü zəlzələ nəticəsində  50-yə yaxın insan həyatını itirib, təxminən 5 min nəfər isə təhlükəsiz ərazilərə təxliyə edilib. Xilasetmə dəstələri dağıntılar altında qalan insanların axtarışını davam etdirir.

Dağlıq ərazidə zəlzələnin fəsadlarının qiymətləndirilməsi davam edir, BBC 

Zəlzələ şənbə günü yerli vaxtla səhər saat 05:00-dan əvvəl baş verib. Yeraltı təkanın ocağı yer səthindən təxminən 15 kilometr dərinlikdə yerləşib. Zəlzələdən sonra bölgədə 341 yeraltı təkan qeydə alınıb. İlkin məlumatlara görə, 900-dən çox ev və yüzlərlə digər tikili ciddi zərər görüb.

Ən çox itki Manqqaray rayonunda qeydə alınıb. Burada 24 nəfər ölüb. Şərqi Manqqarayda 17, Sikkada isə 3 ölüm halı qeydə alınıb. Nqada, Ende və Qərbi Manqqaray rayonlarının hər birində də azı bir nəfərin öldüyü bildirilir. Sikkada 3 356, Manqqarayda isə 2 078 nəfər evlərini tərk edərək təhlükəsiz ərazilərə yerləşdirilib. Şərqi Nusa Tenqara əyalətində 36 nəfərin ağır, 77 nəfərin isə yüngül xəsarət aldığı açıqlanıb.

Zəlzələ yaşayış evləri ilə yanaşı, məktəblərə, xəstəxanalara və dövlət müəssisələrinə də ciddi ziyan vurub. Manqqaraydakı Ruteng Regional Xəstəxanasının əməliyyat otağı və bəzi müalicə bölmələrinin tavanları uçub. Xəstələrə tibbi yardım xəstəxananın qarşısında qurulan müvəqqəti çadırlarda göstərilir. Xəstəxananın nümayəndəsi tibbi yardımın çatdırılmasını gözlədiklərini bildirib.

Flores adasının əsas yaşayış məntəqələrindən biri olan Maumeredə liman terminalı da zərər görüb. Beton parçaları sərnişinlərin üzərinə düşüb, gəmi ilə terminal arasındakı keçidin çökməsi nəticəsində bəzi insanlar dənizə düşüb.

Zəlzələdən sonra sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilib. Təxminən 2 min nəfər sahilyanı ərazilərdən öz təşəbbüsü ilə daha yüksək ərazilərə çəkilib. Lakin dəniz səviyyəsində əhəmiyyətli dəyişiklik qeydə alınmadığından xəbərdarlıq təxminən üç saat sonra ləğv olunub.

Bölgədə baş verən torpaq sürüşmələri bəzi kəndlərə gedən yolları bağlayıb və xilasetmə işlərini çətinləşdirib. İndoneziyanın Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyi təxliyə edilən insanların əsas ehtiyaclarının qarşılanmasının əsas prioritet olduğunu açıqlayıb. Bölgəyə ərzaq, su və digər zəruri yardım ləvazimatları göndərilir.

Sakinlərə sakitliyi qorumağı, sahilyanı ərazilərdən və zədələnmiş, uçmaq təhlükəsi olan binalardan uzaq durmağı tövsiyə edilib. Qeyd edək ki, İndoneziya bir neçə tektonik plitənin qovuşduğu ərazidə yerləşdiyindən güclü zəlzələlərin və vulkanik hadisələrin tez-tez baş verdiyi ölkələrdən biridir.

Mənbə: BBC

Tərcümə etdi: Zəhra Məlikova 

Paylaş
Şərh əlavə et